O ömür mənalıdır ki...
Sosial həyat

O ömür mənalıdır ki...

"Tarixdə misli görünməmiş kütləvi terror, sui-qəsd bağışlanılmazdır, erməni-daşnak quldurlarının bu cinayətinə hələ indiyədək siyasi qiymət verilməmişdir. Bu, Azərbaycan xalqının narahatçılığına səbəb olmuşdur. Hər bir Qərbi azərbaycanlı bilməlidir ki, isti ata-baba ocağı, örüşləri, bərəkətli torpaq, doğma yurd, əcdadlarımızın müqəddəs məzarı kimsəsiz qala bilməz...". Silah gücünə öz isti yuvalarından qovulmuş, ağrı-acıların içində qovrulan soydaşlarımızın mübarizlik ruhunu alovlandırmaq üçün söylənən bu fikirlərin müəllifi Teymur Əhmədov 90 illik ömrünün 70 ilini tədqiqatçı və jurnalistlik fəaliyyətinə həsr edib, mütəmadi, davamlı şəkildə mətbuatda olmaqla, zamanı üçün aktual səslənən mövzulardan cəsarətlə söz açıb, hər hansı bir şəraitdə milli əhəmiyyətli məsələlərdə prinsipiallıq göstərib, sözün həqiqi mənasında, peşəsinə ruhən bağlı olub. Onun böyüklüyü də elə onda idi, bu iki tərəf yaradıcılığında bir vəhdət təşkil edirdi.

Teymur Əhmədovun həyat yolu 1930-cu il dekabrın 25-dən başlayır.

Teymur müəllimi xeyirxah, cəsarətli, sözükeçən, ədalətli, tədbirli insan kimi tanıyırdılar. Şəxsiyyətində olan bu mənəvi keyfiyyətlər onun elmi, ədəbi, publisist yaradıcılığına da təsir göstərmiş, onu ədalətsizliyə qarşı barışmaz, prinsipial etmişdi. Haqq və ədalət yolunda tutduğu bu mövqe onu Nəriman Nərimanov yaradıcılığını öyrənməyə sövq etmiş, millətə xidmət etmək amalını, insanpərvərliyini xalqa çatdırmaq, Nəriman Nərimanov irsini elmi cəhətdən tədqiq etmək yolunda əsl mübarizə çevirmişdi. Çünki o zamanlar Nərimanovdan danışmaq yasaq edilmişdi, yəni 30-cu illərin qanlı, faciəli günlərinin qorxusu həmin dövrdə də davam edirdi. Teymur Əhmədov o zaman heç bir təzyiqdən çəkinməyərək Nərimanovu uzun illərin yasaqlarından, qadağalarından çıxararaq onun mənəvi dünyasına daxil olmağı bacardı. Bu, onun fəaliyyətində daimi mövzuya çevrildi. O, Nərimanov irsini araşdırmaqla həm də erməni xəyanətinə qarşı uzun illər qəlbində yaşatdığı nifrət hissini ifadə edən məqalələr, yazılar araya-ərsəyə gətirirdi. Beləliklə, vətənpərvərlik mövzusu ön plana keçirdi. Filologiya elmləri namizədi Ofelya Bayramlı yazırdı: "Tarix o adamları böyük hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə nəcib adamlar olmuşlar".  Bu sözləri Azərbaycan ədəbiyyatının tanınmış alimlərindən Teymur Əhmədovun həyat və yaradıcılığına da aid etmək olar.

Uzun illər mətbuat sahəsində külüng çalan Teymur müəllimin bu istiqamətdəki yaradıcılığında başlıca mövzulardan biri xalqın tarixi taleyilə bağlı olub. Ermənilərin işğalçılıq siyasətini ifşa etmək üçün arxiv sənədləri, eləcə də özünün şahidi olduğu hadisələri qələmə alaraq daşnakların insanlığa sığmayan vəhşiliyini, qəddarlığını, qaniçənliyini əməllərinin fonunda ifşa etmişdir. Artıq 1980-ci illərin sonunda ermənilərin Qərbi Azərbaycandakı soydaşlarımızı dədə-baba yurdlarından qovması, qaçqınlığa, didərginliyə məruz qoyması bu vətənpərvər ziyalını düşündürür, onlara kömək etmək üçün yollar arayırdı. Onun 1989-cu ildə təsis etdiyi "Ata yurdu" qəzeti bu mənada əsl tribunaya çevrildi. Qəzet hələ sovet dövründə 14 min nüsxə ilə qeyri-leqal şəkildə dərc olunub Meydan hərəkatının iştirakçıları arasında yayılırdı...

Bundan sonra "Vətən səsi" xalqın azadlıq mübarizəsinə öz səsini qatmağa başladı. Qəzetin 1990-cı il 10 aprel tarixli ilk nömrəsinin birinci səhifəsində "Əziz oxucular" sərlövhəli baş məqalə və "Meydan. Üçrəngli bayraq qaldıran xalq" şəkli verilmişdi. Müəllif baş məqalədə qəzetin Cənubi Qafqazın təlatümlü, ağrılı-acılı məqamında - Qərbi azərbaycanlıların ata-baba yurdlarından didərgin salındığı, öz havadarlarının köməyilə erməni quldur dəstələrinin keçmiş Dağlıq Qarabağa müdaxilə etdiyi bir vaxtda onların iradəsilə yarandığını bildirir, xalqı istiqlaliyyət uğrunda mübarizəyə səsləyirdi. Akademik Nizami Cəfərov Teymur Əhmədovun 70 illik yubileyilə əlaqədar Azərbaycan radiosunun "Səhər" proqramına verdiyi müsahibəsində deyirdi: "Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin, Azərbaycan xalqının Teymur müəllimə ehtiyacı var. Teymur Əhmədovun yaradıcılığında böyük bir sahəni bizim Qərbi Azərbaycanla əlaqədar olan sosial-siyasi ədəbi-mədəni məsələlərin öyrənilməsi tutur. O, çox böyük bir məlumatlılıqla, vicdanla - elmi ideoloji bir vicdanla Qərbi Azərbaycanın tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənmiş adamdır. Deportasiya problemlərinə həsr olunmuş əsərləri vardır. Mən əminəm ki, elə məsələlər var ki, bunları ancaq o, yaza bilər. Teymur Əhmədov ruhən təmiz adamdır, nədən yazmasından asılı olmayaraq azərbaycançılığın böyük mahiyyətini əks etdirməyə çalışır".

Bəli, Teymur müəllim vətənpərvər insan idi. Onun vaxtilə rəhbərlik etdiyi "Respublika" qəzeti də Azərbaycan üçün az iş görməyib. Qəzet üzərinə düşən missiyanı indi də uğurla davam etdirir. Vaxtilə mətbu nəşrlər bolluğunda öz sözü, öz yolu olanların sırasında duruş gətirmək üçün qəzetin simasının saxlanmasında baş redaktorun və kollektivin böyük rolu olub. İşin ağırlığına, çətinliyinə baxmayaraq, "Respublika"çılar öz qəzetlərinin nüfuzunu artırmaq naminə fədakarlıq göstərirdilər. Teymur müəllim bu qəzetə düz 25 il rəhbərlik etdi...

El adamı idi Teymur müəllim, qapısını döyən heç kəsi naümid yola salmaz, adamda azacıq istedad, bacarıq görəndə həyan durar, qolundan tutub qaldırar, onu öz gücünə inandırmağa çalışardı. Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri, elmi işlər üzrə Koordinasiya Şurasının elmi katibi olanda neçə-neçə gəncin elmi iş götürməsinə, apardığı tədqiqatların müsbət nəticə verməsinə köməklik göstərmişdi.

İnsanlara əl tutmaqdan, yardım göstərməkdən usanmadı, bəsdir, yoruldum demədi. Teymur müəllim özünü ədəbiyyatşünaslıq elmində, publisistikada təsdiq etmiş fədakar alim, süfrəsindəki son tikəsini belə əsirgəməyən böyük qəlbli insan kimi tanıtdırdı, sevdirdi. Elə yaddaşlarda da belə qaldı...

Zümrüd QURBANQIZI,

"Respublika".