ODLU-ALOVLU CƏBHƏ YOLLARINDA
Digər xəbərlər

ODLU-ALOVLU CƏBHƏ YOLLARINDA

Xalqımız 79 ildir ki, faşizm üzərində qələbəni böyük sevinclə, coşqu və ehtiramla qeyd edir. İllər keçsə də, 1418 gün davam edən dəhşətli müharibənin ağrı-acıları unudulmur, nəsillərin yaddaşında əbədi yaşayır.

İkinci Dünya müharibəsində Azərbaycandan 640 min nəfər cəbhəyə gedib. Təkcə Lənkəran rayonunun Separadi kəndindən 200 nəfər orduya səfərbərliyə alınıb. Qanlı döyüşlərdə 74 nəfər həlak olub.

Kəndin igid, qeyrətli oğlu Şalı Canıyev qardaşları Eynəli və Canəli ilə birlikdə müharibəyə yollanıb. Döyüş zamanı Eynəli qolunu və ayağını itirib, birinci qrup əlil kimi Vətənə qayıdıb. Canəlinin isə cəbhədə qəhrəmancasına həlak olması barədə "qara kağız"ı gəlib. Xumar nənə övlad itkisinə dözə biməyib. Gecə-gündüz ağladığından gözləri tutulub.

Ailənin üçüncü oğlu Şalı Canıyev Lənkəran Pedaqoji Texnikumunu bitirib təyinatla Masallı rayonunda müəllim işləyirdi. 1942-ci il fevralın 5-də cəbhəyə yola düşüb. Həmin vaxt düşmən ordusu Şimali Qafqaza qədər irəliləmişdi. Alman ordusunun əsas məqsədi cənub cəbhəsində Bakını ələ keçirmək idi. Çünki hərbi texnikanın yanacağa olan tələbatının 75-80 faizini Bakı təchiz edirdi.

Gənc çavuş Şalı Canıyev artilleriya bölüyündə zirehli döyüş maşınında xidmət edirdi. İyun ayında tərkibində olduğu bölük Şimali Qafqazın müdafiəsinə göndərildi. Noyabr ayının 30-da Mozdok ətrafında almanlarla ilk döyüşlər başlandı. Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə keçirilən hərbi əməliyyatlar xüsusi əhəmiyyət kəsb edirdi. Almanlar canlı qüvvənin sayına və hərbi texnikaya görə üstün idilər. Cəbhədə çətinliklərə baxmayaraq, Qafqaz uğrunda döyüşlər uğurla nəticələndi. Düşmən ordusu tab gətirə bilməyib geri çəkildi. 1942-ci ilin qış aylarında Şimali Qafqaz, 1943-cü ilin yaz-yay aylarında Gerqovskaya, Zolotoryov və Sovetskaya stansiyaları, 1943-cü ilin avqust ayında Taqanroq şəhəri, Rostov vilayəti faşistlərdən azad edildi. Düşmənin "Nikopol" qruplaşmasının məhv edilməsində, Nikolayev, Odessa, Kişinyov və digər şəhərlərin azad edilməsində Şalı Canıyevin artilleriya bölüyünün misilsiz xidmətləri olmuşdur.

Oğlu, Lənkəranın tanınmış ziyalılarından olan Fəxrəddin Canıyev atası haqqında xatirələrindən söz açdı:

- Atam danışardı ki, 1941-1945-ci illər müharibəsi ölüm-dirim savaşı idi. Azərbaycanlılar digər millətlərin nümayəndələri ilə birlikdə dünya ağalığı iddiasına düşən faşizmə qarşı çiyin-çiyinə vuruşurdular. Atam deyirdi ki, əmr veriləndə əlbəyaxa döyüşlərə də gedirdik. Heç kim ölümdən qorxmurdu. Cəbhədə yalnız düşməni məhv etmək, torpaqları işğaldan azad etmək barədə düşünürdük.

Müharibənin ağır döyüşlərindən biri Stalinqrad uğrunda olub. Artıq zabit rütbəsinə yüksələn Şalı Canıyev Stalinqrad cəbhəsində fəal iştirak edib. 1942-ci ilin iyul ayından başlayan hərbi əməliyyatlar 1943-cü ilin fevral ayına kimi davam edib. Bu döyüşlərdə sovet ordusunun 470 min hərbçisi həlak olub, düşmən isə 300 min nəfər itki verib.

Gənc zabit Moskva uğrunda gedən döyüşlərdə də igidlik, şücaət göstərib. 1945-ci ilin əvvəllərində hərbi əməliyyat zamanı sol böyrəyindən qəlpə yarası alıb. Berlinə kimi şanlı, şərəfli döyüş yolu keçib.

Şalı Canıyev 1945-ci ilin may ayında baş leytenant rütbəsi ilə müharibədən qayıdıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif olunub. Sinəsini bir neçə orden, "İgidliyə görə", "Qafqazın müdafiəsi uğrunda", "Müharibə iştirakçısı", "1941-1945-ci illər müharibəsində Almaniya üzərində qələbəyə görə", qələbənin 20, 30 illik yubiley və digər çoxlu medallar bəzəyirdi.

Müharibədən qayıdandan sonra sevdiyi müəllimlik peşəsinə sadiq qalaraq Lənkəran rayonunun Girdəni kənd məktəbinin direktoru vəzifəsində çalışıb. Qiyabi yolla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsində təhsil alıb.

İşgüzarlığı, yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1955-1960-cı illərdə Lənkəran Şəhər Partiya Komitəsində şöbə müdiri və ikinci katib vəzifələrinə irəli çəkilib. O dövrdə Bakı Ali Partiya Məktəbini bitirib. 1960-cı ildə yenidən doğma məktəbə qayıdaraq ömrünün sonuna kimi Lənkəran şəhər 3 nömrəli, internat və şəhər 7 nömrəli tam orta məktəblərdə direktor vəzifələrində işləyib. Təhsilin təşkilində, tədrisin keyfiyyətinin yüksəldilməsində müstəsna xidmətləri olub. Zəngin irsindən, pedaqoji təcrübəsindən gənc müəllimlər bu gün də bəhrələnirlər.

Şalı müəllim sevib-seçdiyi Tahirə xanımla ailə qurub, 5 övlad böyüdüblər. Övladlarına mükəmməl təhsil verərək müstəqil həyata hazırlayıblar. Böyük oğlu Fəxrəddin Canıyev Moskva Yeyinti Sənayesi Universitetinin Mühəndis-iqtisadçı fakültəsini fərqlənmə diplomu ilə bitirib. Lənkəran əhaliyə məişət xidməti idarəsində direktor vəzifəsində işləyir. 1999-cu ildən Lənkəran Şəhər Bələdiyyəsinin üzvüdür.

Şəmsəddin isə ixtisasca müəllimdir, ata yolunu ləyaqətlə davam etdirir. Atasının 20 il direktor işlədiyi Azər Məhərrəmov adına Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə 4 il direktor vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətini bu gün də uğurla davam etdirir. Atası haqqında "Ürəklərdə yaşayan müəllim" adlı kitabın müəllifidir.

Nəvəsi Səbuhi Canıyev Lənkəran Şəhər İcra Hakimiyyətində işləyir, baba yolunun davamçısıdır. Nəticəsi İsmayıl Hüseynli babanın torpağa bağlılıq, vətənsevərlik ruhunu davam etdirərək 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub, Lənkəran Rayon-Şəhər Polis Şöbəsində çalışır.

Ümummilli lider Heydər Əliyev hakimiyy

ətdə olduğu bütün dövrlərdə İkinci Dünya müharibəsi veteranlarının xidmətlərini yüksək qiymətləndirib. Müharibə veteranlarına göstərilən diqqət və qayğı ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə, işgüzarlıqla davam etdirilir. Möhtərəm Prezidentimizin 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında fərmanı, hər il Qələbə günü münasibətilə müharibə veteranlarını təbrik etməsi və onlara birdəfəlik yardımlar haqqında imzaladığı sərəncamlar və yubiley medalları ilə təltif etməsi buna əyani sübutdur.

İkinci Dünya müharibəsinin iştirakçısı, əsl təhsil fədaisi Şalı Canıyev 1983-cü ilin aprel ayında, ömrünün 60-cı baharında əbədiyyətə qovuşub. Lənkəranlılar bu unudulmaz şəxsiyyətin parlaq xatirəsini daim əziz tuturlar. 2002-ci ildə Şalı Qurban oğlu Canıyevin vaxtilə yaşadığı evə xatirə lövhəsi vurulub.

Bəli, nəsillər dəyişsə də, Şalı müəllim kimi ziyalı, vətənpərvər, xeyirxah insanlar heç zaman unudulmur, ürəklərdə yaşayır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".