Türkiyə səfirliyində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tədbir keçirilib
Digər xəbərlər

Türkiyə səfirliyində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində tədbir keçirilib

Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Türkiyə səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin, Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Əhməd Yozqatlıgil, 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları olan türkdilli dövlətlərin nümayəndələri iştirak ediblər.

Qardaş Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə uğurla ev sahibliyi etməsindən qürur duyduqlarını dilə gətirən Cahit Bağçı bu mötəbər tədbirin əhəmiyyətindən danışıb. Kosmik fəzada ölkəsinin qazandığı nailiyyətlərə diqqət çəkən diplomat tədbirin Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin kosmik sahədə əməkdaşlığının inkişaf etdirilməsinə də töhfə verəcəyini vurğulayıb.

Beynəlxalq Astronavtika Konqresinin çox mühüm tədbir olduğunu diqqətə çatdıran Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin qardaş Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi, astronavtika sahəsindəki peşəkarları, şirkətləri bir araya gətirməsini əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Konqres dünyanın nüfuzlu şirkətlərini və onların rəhbərlərini bir araya gətirərək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün gözəl platforma rolunu oynayır.

Ölkəsinin 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək niyyətində olduğunu və namizədliyini verdiyini diqqətə çatdıran agentliyin prezidenti tədbirin TDT üzvü olan ölkələrin bu sahədə əməkdaşlığının dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Konqresdə çox mühüm müzakirələr aparıldığını bildirən Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Əhməd Yozqatlıgil tədbirin Türk dövlətlərinin kosmik sahədə imkanlarını müəyyənləşdirməyə və inkişaf etdirməyə imkan verəcəyini vurğulayıb.

Ölkələrimizin kosmik fəzada əməkdaşlığının genişləndirilməsinin zamanın tələbi olduğunu bildirən nazir müavini deyib: "Biz gələcəkdə digər türkdilli ölkələrlə də işbirliyimizi artıracağıq. Kosmik sahədə də əməkdaşlığımızı inkişaf etdirəcək və möhkəmləndirəcəyik. Birliyimizi bütün dünyaya bir daha sübut edəcəyik".