Ölkəmiz sabitliyə zəmin yaradıb
Siyasət

Ölkəmiz sabitliyə zəmin yaradıb

Cənubi Qafqazda öz məqsədlərini güdən super güclərin Ermənistana heç bir faydası dəyməyəcək

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda rəsmi Bakının siyasi iradəsinin və mövqeyinin həlledici olduğunu artıq hər kəsə sübut edib. İndi Cənubi Qafqazın geopolitik məsuliyyəti bütövlükdə Azərbaycanın üzərindədir. Rəsmi Bakı bu regionun geoiqtisadi inkişaf perspektivlərinin reallığa çevrilməsində əsas geopolitik söz sahibidir.

Təbii ki, regionun inkişafı qarşısında müəyyən əngəllər də var. Xüsusilə də, Cənubi Qafqazda erməni separatizmi və terrorizmi regionun inkişafına əngəl törədən əsas problemlərin sırasında ön planda yer alır.

Bu baxımdan, Azərbaycanın qarşısında Cənubi Qafqazı erməni separatizmi və terrorizmindən birdəfəlik xilas etmək kimi önəmli bir hədəf dayanır. Azərbaycan lideri bu hədəfə çatmaq üçün hesab edir ki, ilk növbədə, beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərini gündəmə gətirmək, erməni təbliğatının onilliklər ərzində formalaşdırdığı yalanları, uydurduğu iddiaları faktlarla boşa çıxarmaq vacibdir.

Region başqa bir problemlə də üz-üzədir. Çünki dünyanın super gücləri burada gərginlik yaradırlar. Özü də bu, planlı şəkildə həyata keçirilir.

Türkiyənin "Təqvim" qəzetinin sentyabr nömrələrinin birində dərc edilən məqalədə deyilirdi: "Cənubi Qafqazda düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaradılır. Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın köməyilə gərginliyi artırır. Ermənistan ordusu qardaşlarımız Azərbaycana qarşı bədnam hücumlarını sürətləndirir. İrəvan Rusiya Prezidenti Vladimir Putinin Ermənistan ərazisinə girəcəyi təqdirdə, həbs olunacağını iddia etməklə, kritik həddi keçir. Bəs ABŞ Paşinyanı niyə belə çox təhlükəli istiqamətə aparır? Əvvəla, Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Putinin birliyinə qısqanclıqla yanaşır və bu ittifaqdan narahatdır. Ərdoğan ABŞ-a səfərə yola düşərkən İstanbul hava limanında belə bir vacib açıqlama vermişdi: "Biz Türkiyə olaraq Qarabağ məsələsində dördtərəfli Zirvə görüşünün keçirilməsini təklif etmişik. Putin, Əliyev, mən və Paşinyan dördlük olaraq bir yerdə görüşək".

Son zaman baş verənlər onu göstərir ki, Paşinyan ABŞ-Qərblə oynamağa çalışır. ABŞ NATO-nun qapılarını Ermənistanın üzünə açaraq Rusiyaya təzyiq göstərmək istəyir. 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzalayan Rəcəb Tayyib Ərdoğan isə bu çərçivədə böyük addım atmış oldu. Ankara ABŞ-Ermənistan təlimlərinə cavab olaraq sentyabrın 18-dən 30-dək birgə "Qafqaz qartalı" təlimlərini keçirdi. Eyni tarixlərdə Türkiyə və Pakistanın "Əbədi qardaşlıq - II" təlimi baş tutdu.

Qəzet həmçinin yazır ki, 44 günlük İkinci Qarabağ müharibəsi həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Türkiyənin Cənubi Qafqaz siyasətində mühüm dönüş nöqtəsi oldu: "Prezident Ərdoğan Cənubi Qafqazın artan strateji əhəmiyyətini çox yaxşı görərək geosiyasi və geoiqtisadi gedişlər edir. Türkiyə-Azərbaycan İttifaqı Cənubi Qafqazda da mühüm dinamikanı dəyişdirir".

Məlumdur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib. Bəzi daimi üzvlər üçün maraq kəsb edən məsələlər üzrə qətnamələri saatlar içində icra olunan BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən 4 qətnaməni 27 il ərzində icra etmədi. 30 il 1 milyon məcburi köçkünün iztirabını görməzdən gəldi. Amma nədənsə son 3 ildə bir ovuc separatçı üçün dəfələrlə toplantı keçirdi. Bu gün də öz evindən işgəncə və zorla çıxarılan, zorakılıqla qovulan 350 min Qərbi azərbaycanlının taleyinə biganədir. Azərbaycanın mina terrorundan çəkdiyi əziyyəti də görmək istəmirlər. Əvəzində, "təhlükəsizlik və insan haqları" iddialarını utanmazcasına dünyanın ən ali masasına daşıyırlar. Bütün bunlar saxtakarlıqdan başqa bir şey deyil. Əks təqdirdə, heç olmasa bir dəfə də olsun Ermənistanın dövlət səviyyəsində işğal və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın dünyanın mina ilə ən çox çirklənən bölgəyə çevrilməsindən söz açardılar. Vətən müharibəsindən ötən 3 il ərzində 300-dən çox mina qurbanının acı aqibəti də haqdan, hüquqdan danışan ağaları düşündürmür.

Təəssüf hissi ilə qeyd etməliyik ki, demokratiya, insan haqq və hüquqlarından dəm vuran Avropa İttifaqı, Fransa və Almaniya kimi subyektlər də etnik separatizm və terroru açıq şəkildə müdafiə edirlər. Məsələn, sentyabrın 18-də 8 vətəndaşımızın məhz bu terrorçuların mina terrorunun qurbanına çevrilməsi barədə bir kəlmə belə danışmadılar. Qəribə burasıdır ki, faşizmin beşiyi olmuş, milyonlarla insanın ölümünə səbəb olan, insanlara milli kimliklərinə görə cəza tədbirləri baxımından dünyada özü haqqında mənfi imic yaradan Almaniya, Afrika və Asiyada soyqırımları törətmiş əli qanlı, müstəmləkəçi, kolonist Fransa və radikal xristian klubu kimi formalaşan Avropa İttifaqı indi Azərbaycana haqdan, hüquqdan dərs keçmək fikrinə düşüb.

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində də bu ağaların iç üzü daha açıq göründü. Əvvəla, sammit çərçivəsində Azərbaycan və Ermənistanın iştirakı ilə beştərəfli görüşün keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israrlı idi. Lakin buna imkan verilmədi, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirdilər.

Bu səbəbdən, Azərbaycan sammitdə iştirak etmədi. Ümumiyyətlə, 44 günlük müharibədən sonra Fransa prezidenti Makron "status-kvonun" köklü, əsaslı şəkildə dəyişdiyini başa düşməmiş, yaxud başa düşmək istəməmişdir. Bu səbəbdən də Azərbaycana qarşı təzyiq göstərməyə davam edir, normallaşma və sülh prosesinə əngəl yaradır. Çünki o, Cənubi Qafqazda güclənməyə çalışır, lakin regiondakı real vəziyyəti nəzərə almır. Azərbaycan bütün məsələləri həll edib, o, tam suveren ölkədir, müstəqil siyasət aparır.

Oktyabrın 7-də Prezident İlham Əliyevlə Avropa Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan telefon danışığında müzakirə olunan əsas məsələlərdən biri də Fransanın Ermənistanı silahlandırması olub. Bəllidir ki, Fransa Ermənistana artıq xeyli sayda silah verib. Telefon danışığında Prezident İlham Əliyev daha bir məsələni də gündəmə gətirib.

Oktyabrın sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüş üçtərəfli formatda olacaq və kənar iştirakçılar olmayacaq. Dövlət başçısı telefon danışığı zamanı Qazaxın işğal altındakı 7 kəndi və Naxçıvanın 1 kəndinin taleyi məsələsinin də müzakirəyə çıxarılmasını təklif edib. Beləliklə, həmin ərazilərin taleyi Brüsseldə masada həll olunacaq. Bütün hallarda problem həllini tapmasa, sərhədlər müəyyənləşməyəcək ki, bu da ən çox Ermənistanın ziyanınadır.

Bəli, Cənubi Qafqaz super güclərin maraq dairəsindədir və onlar öz məqsədlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu məsələdə daha öndə gedən Fransa-Almaniya-Avropa İttifaqı üçlüyü bir şeyi unudur. Azərbaycan Prezidenti tarixi çox gözəl bilir, eyni zamanda hər kəsə yerini bildirməyi də bacarır. Ermənistan isə bilməlidir ki, bu üçlüyün ona heç bir faydası dəyməyəcək, çünki onlar öz maraqlarını güdürlər.

Zümrüd QURBANQIZI,

"Respublika".