Ölkəmiz sülhün, əmin-amanlığın tərəfdarıdır
Siyasət

Ölkəmiz sülhün, əmin-amanlığın tərəfdarıdır

3 il bundan əvvəl 30 il düşmən əsarətində olan ərazilərimizin işğaldan azad olunması məqsədilə öz torpaqlarımızda əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu böyük hünər göstərdi. İşğalçı Ermənistanın silahlı qüvvələrini hərb meydanında diz çökdürdü, Vətən torpağının hər qarışı üçün düşməndən hesab soruldu, minlərlə qəhrəman oğullarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etdi. 44 gün ərzində düşmənin uzun illər apardığı işğalçılıq siyasətinə son qoyuldu. Düşmən tapdağı altında inləyən torpaqlarımız, şəhərlərimiz, kəndlərimiz işğaldan azad edildi. Şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız əzəli yurd yerlərimizdə qürurla dalğalandı. Torpaq uğrunda canlarından keçən şəhidlərimizin ruhu dinclik tapdı. Xalqımızın qüruru, mənliyi özünə qayıtdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər müasir tariximizın şanlı səhifəsi oldu.

İkinci Qarabağ müharibəsi dövlətimizin qüdrətinin, ordumuzun yenilməzliyinin, xalqımızın mübarizliyinin əyani göstəricisidir. Bütün dünya şahid oldu ki, dövlətimiz müstəqil, məqsədyönlü, gələcəyə hesablanmış siyasət yürüdür və heç bir ölkə Azərbaycana diktə edə bilməz. Vətən müharibəsindən sonra ordu quruculuğu istiqamətində əhəmiyyətli islahatlar aparıldı, milli ordumuzun maddi-texniki bazası daha da gücləndirildi, yeni hərbi birləşmələr yaradıldı. Hərbçilərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü. 44 günlük müharibədə qazanılan qələbəni həzm edə bilməyən anti-Azərbaycan qüvvələr qalib ölkəmizin bu uğurlarına mane olmaq üçün müxtəlif yollara əl atdılar. Müharibənin bitdiyi ilk günlərdən qarşı tərəflə sülh müqaviləsi imzalamağa, bununla da yalnız iki ölkə arasında deyil, ümumən Cənubi Qafqazda əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərən dövlətimizin bu təşəbbəsünü dəstəkləmək əvəzinə, bölgədə qarşıdurmalar, münaqişələr yaratmağa çalışdılar. Bütün bunların nəticəsidir ki, müharibədən keçən 3 il ərzində dəfələrlə sülh müqaviləsinin imzalanmasına, münasibətlərin normallaşmasına yaxınlaşsaq da, hələ də real nəticə yoxdur.

44 günlük Vətən müharibəsindən sonra müstəqil dövlətimiz diplomatiya sahəsində böyük uğurlara imza atdı. Azərbaycanın haqq işinə, heç bir ölkədən yardım almadan ədaləti bərpa etməsinə kölgə salmaq istəyənlərin bütün cəhdləri fiaskoya uğradı. İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən ölkəmiz bu il aprel ayının 23-də Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyünün tam bərpasına nail oldu. Sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərində isə Xankəndidəki xunta rejiminin kapitulyasiyası ilə xalqımıza, dinc vətəndaşlarımıza qarşı soyqırımları törətmiş rejimin mövcudluğuna son qoyuldu. 2020-ci ildə imzalanan, düşmənin məğlubiyyətini ehtiva edən üçtərəfli Bəyanatın müddəalarının məğlub ölkə tərəfindən yerinə yetirilmədiyi təqdirdə bunu hərbi yolla həyata keçirərək dövlətimiz bütün ərazilərində suverenliyini tam bərpa etdi.

Son 3 il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun bir-birini əvəzləyən qalibiyyətləri anti-Azərbaycan qüvvələrini sarsıtdı, həm də çaşdırdı. İllər öncə torpaqlarının 20 faizini itirən, 30 il sonra bu torpaqları geri qaytarmaqla dünyanı heyrətə salan Azərbaycan indi bütün ərazisində suverenliyini bərpa edib, ölkəmizin ərazisində "boz zona"lar qalmayıb. Bu gün Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə də separatçılardan təmizlənib. Ölkə başçımızın olduqca çətin, mürəkkəb, çoxşaxəli və məqsədyönlü fəaliyyəti bugünkü qüdrətli, bütöv Azərbaycanı şərtləndirdi.

Lakin gündən-günə qüdrətlənən, Cənubi Qafqazın lider dövlətinə çevrilən, bütün dünyada nüfuz qazanan ölkəmizə qarşı ikili standartlar mövcuddur. Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə, münasibətlərin normallaşmasına mane olan Azərbaycanı gözü götürməyən ermənipərəst qüvvələr bu gün də öz fəaliyyətlərini davam etdirir, müharibənin bitməsinə baxmayaraq öz çirkin əməllərini həyata keçirməyə çalışır, Ermənistanı İkinci Qarabağ müharibəsi zamanı imzaladığı təslimolma aktına əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə, Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamamağa sövq edir. Bu mənada, Fransanın fəallığı daha aydın görünür. Belə ki, anti-Azərbaycan siyasəti həyata keçirərək ölkəmizin əleyhinə atdığı bütün addımları nəticəsiz qalan bu müstəmləkəçi ölkə öz mövqeyindən əl çəkmir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın oktyabrın 3-də Ermənistana səfəri çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir. Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərindən sonra könüllü olaraq Qarabağı tərk edən erməni sakinlərin guya zorla çıxarıldığını, dövlətimizin etnik təmizləmə siyasəti apardığını deyən nazirin Fransanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəyini bildirməsi, Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması çirkin niyyətli, məkrli, işğalçını dəstəkləyən ölkənin regionda gərginlik yaratmaq məqsədini göstərir. Erməni sakinlərin Azərbaycan tərəfindən zorla köçürülməsi ilə bağlı Fransanın əsassız iddiaları isə hər şeydən əvvəl BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir. Çünki bütün dünya Azərbaycanın humanist ideyalara sadiq ölkə olduğunu bilir. Bundan əlavə, Fransanın müdafiə naziri Sebastyan Lekornyu isə bildirib ki, "Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir".

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışmasının, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsinin qəbuledilməz olduğunu bəyan edib və bu səylərin də uğursuzluqla nəticələnəcəyini bildirib. Bu isə onu deməyə əsas verir ki, Ermənistana, onun yanlış siyasətinə dəstək verənlər hansı yollara əl atsalar da, İkinci Qarabağ müharibəsini hərbi yolla həll edərək Zəfər qazanan Azərbaycan qələbəsini diplomatik müstəvidə uğurla davam etdirir, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına mühüm töhfələr verir. Atalar demişkən, "dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır...".

Mehparə ƏLİYEVA,

"Respublika".