Ölkəmizə gələnlərin sayı artıb
İQTİSADİYYAT

Ölkəmizə gələnlərin sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 832,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,0 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0 faizi hava, 36,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,0 dəfə artaraq 829,4 min nəfər olmuşdur.

 "Respublika".