Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib
Siyasət

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib

Qalib Azərbaycanın Zəfər seçkisi uğurla başa çatdı.

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində növbəti dəfə milyonların səsini qazanaraq qələbə çaldı, xalqın lideri olduğunu bir daha təsdiqlədi. Bu seçkilər yeni dövrün başlanğıcı olmaqla yanaşı, 20 illik fəaliyyətin uğurlarının təhlili və bunun fonunda gələcəyə baxışın müəyyənləşdirilməsinə bir çağırışdır.

Bu günümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün 20 il öncəyə, cənab İlham Əliyevin ilk dəfə prezident seçildiyi 15 oktyabr 2003-cü il seçkilərinə nəzər salaq. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma təsdiqlənmişdi. Yəni Heydər Əliyev siyasəti davam etdirildi: "Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi".

Bu gün Azərbaycan, sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, özünü həm beynəlxalq aləmdə, həm də regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində təsdiqləyir. Təbii ki, bu uğurlara nail olmaq üçün böyük qətiyyət göstərildi. Bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması onun həm iqtisadi əlaqələrinin möhkəmlənməsində, həm də xarici siyasət sahəsində apardığı davamlı uğurlarında özünü göstərir.

Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev xalq-hakimiyyət birliyini, siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və qətiyyətli liderdir. Xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutur. 2003, 2008, 2013, 2018-ci illərdəki, istərsə də 2024-cü il 7 fevral prezident seçkilərində Azərbaycan siyasətində onun alternativinin olmadığı bütün dünyaya şəffaf seçkilər vasitəsilə sübut olundu. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi. Səsini ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi yolu layiqincə davam etdirən, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünyaşöhrətli siyasətçi İlham Əliyevə verdi.

7 fevral seçkiləri suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun daxil olduğu bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq Xankəndidə, Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı.

Fevralın 7-də Azərbaycanda prezident seçkiləri azad, ədalətli və beynəlxalq standartlara uyğun qaydada keçirildi. Bu faktı yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidə missiyaları da təsdiqləyib. Nəzərə alaq ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib.

Budəfəki seçkilər onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ərazimizi əhatə edir. Bütün bunların fonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şəraitində keçirilən prezident seçkilərinin Zəfər seçkisi adlandırılması tamamilə məntiqlidir.

Prezident İlham Əliyevin Xankəndidə səs verməsi ilə qürur duyduq ki, bu da təsadüfi deyil. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir milyondan artıq soydaşımız Qarabağdan, o cümlədən Xankəndidən zorla çıxarılmışdı.

Fevralın 7-də Prezident İlham Əliyevin və ailə üzvlərinin səs vermək üçün Xankəndi şəhərini seçmələri xüsusi önəm daşıyır. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi hər birimizə xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident cənab İlham Əliyev reallaşdırdı. Onun göstərişi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək üçün lokal xarakterli antiterror tədbirləri keçirildi. Ordumuz bu tədbirləri yüksək peşəkarlıqla və humanizm prinsiplərinə əsaslanmaqla reallaşdırdı.

İlham Əliyev Azərbaycan Prezidentidir və ölkənin bütün ərazilərində səs vermək hüququna malikdir. Dövlət başçısı vətəndaş mövqeyini Xankəndidə bildirdi, orada səs verdi. Tarixi bir gündə dünyaya, Ermənistandakı revanşistlərə və onların Qərbdəki havadarlarına mesajlarını Xankəndi seçimi ilə verdi. Zəfər seçkiləri xalqımızın ədalətli seçimi, ölkəmizin xoşbəxt gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə atılan addım oldu. Bu həm də anti-Azərbaycan mövqeyi sərgiləyən bəzi dövlətlərə və beynəlxalq təşkilatlara tutarlı cavab idi.

Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri həm də Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyinə ciddi təsir göstərəcək. Prezident İlham Əliyev qətiyyəti, siyasi fəaliyyəti nəticəsində işğala, təcavüzə, separatizmə son qoyaraq Azərbaycanı güclü dövlətə çevirib, regionda sülhü bərqərar etməkdədir. Artıq dünya Azərbaycan ilə hesablaşır və onu özünün etibarlı tərəfdaşı hesab edir. Əldə edilən uğurlar sözsüz ki, Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasi xəttin və diplomatik bacarığın nəticəsidir.

Fevralın 7-də keçirilən prezident seçkiləri beynəlxalq aləm üçün çox ciddi siyasi hadisəyə çevrildi. Xalq əzm və mətanəti ilə öz sözünü deyərək layiqli namizədə, qalib ölkənin qalib sərkərdəsinə səs verdi. Cənab İlham Əliyev Zəfər seçkilərində 92 faizdən çox səslə qalib oldu. Bir çox dövlət başçıları qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdilər. Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsindən sonra onu təbrik edənlər arasında türkdilli ölkələrin dövlət başçıları xüsusi yer tutur. Fevralın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə səmimi-qəlbdən təbrik etdi, ölkəmizin daha da inkişafı və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzuladı.

Ceyhun MƏMMƏDOV,

"Azpetrol LTD" MMC-nin

baş direktoru, Yeni Azərbaycan Partiyasının üzvü.