Orta dəhliz - qlobal nəqliyyat layihəsi
Digər xəbərlər

Orta dəhliz - qlobal nəqliyyat layihəsi

Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən Cənubi Qafqazda maraqları olan digər dövlətlərin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Düşünsək ki, Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsidir, bu zaman mövcud potensialın inkişaf dinamikası gələcək perspektivdə ölkəmizin geosiyasi və iqtisadi çəkisini daha da artıracaq.

2018-ci ildə yaradılmış trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, yaxud trans-Xəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə (Orta dəhliz) strateji baxışı özünü doğruldur. Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan biridir.

Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Qlobal destabillik fonunda təhlükəsiz tranzit marşrutundan istifadə olduqca əhəmiyyətlidir. Vurğulamaq lazımdır ki, Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür. Digər tərəfdən, Rusiyadan keçən marşrutlar təhlükəsizlik baxımından və bir sıra başqa səbəblərdən aktuallığını itirib. Bütün bunlara görə Orta Dəhliz olduqca əhəmiyyətli variant kimi görünür. Məhz bunun nəticəsidir ki, ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklər Ələt limanında qəbul edilərək ölkəmizin ərazisində müasir infrastrukturla Orta Dəhlizə inteqrasiya edilmiş marşrutlara yönəldilir. Hazırda tələbatın artması ilə əlaqədar olaraq Azərbaycan Ələtdəki dəniz limanının ötürücülük imkanlarının genişləndirilməsi layihəsinin icrasını da uğurla davam etdirir. Azərbaycanı Mərkəzi Asiya türk dövlətlərindən nəqliyyat sahəsində fərqləndirən əsas cəhət ölkəmizin bütün nəqliyyat arteriyalarının kəsişdiyi nöqtə olmasıdır.

Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır. Rusiya və İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya və Avropanın Azərbaycandan keçən Orta Dəhlizə baxış bucağı genişlənir. Xüsusən də Çin Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir. Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ hesab edilir. Belə ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz vasitəsilə daha qısa vaxt sərf etmiş olur. Bununla yanaşı, Orta dəhliz Asiya ilə Avropa arasında qlobal ticarətin daha sərfəli və təhlükəsiz olmasını təmin edir. Ölkəmizin geostrateji mövqeyi, Şərq və Qərb dəhlizindəki önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm də ümumən Cənubi Qafqaz bölgəsinin önəmini artırır. Tranzit ölkəyə çevrilmə istiqamətində atılan uğurlu addımlar, yaradılan imkanlar sayəsində Azərbaycan son illərdə bu sahədə yüksək nəticələrə nail olmuşdur. Yükdaşımaların artması, bütün keçidlərdə Azərbaycanın təhlükəsiz tranzit bölgə kimi özünü təsdiqləməsi digər dövlətlərin də marağını cəlb etməkdədir. Prezident İlham Əliyev də bir müddət əvvəl Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı, həmçinin Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bu məsələyə xüsusi diqqət çəkdi. Dövlət başçımız vurğuladı ki, biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Burada qonşularla yaxşı münasibətlər də önəmli rol oynayır.

Orta Dəhliz eyni zamanda Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından trans-Xəzər əməkdaşlığının inkişafına mühüm töhfə verir. Bununla yanaşı, Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənmiş, iqtisadi cəhətdən səmərəliliyi artmışdır. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Orta Dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.

Dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan yaxın gələcəkdə yenidən işə düşməsinə dövlətimiz tərəfindən ciddi səy göstərilən Zəngəzur dəhlizi, Orta Dəhliz boyunca istehsal sahələrinin, sənaye zolaqlarının, biznes imkanlarının yaradılmasını hədəfləyir. Cənubi Qafqaz ölkələri ilə əlaqələrini daha da möhkəmləndirən, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən Azərbaycan nəqliyyat sektorunun inkişafı məqsədilə xarici investorları da bu sahədə əməkdaşlığa cəlb edir.

Nurlan ABDALOV,

"Respublika".