Bu dağın o üzündə
Digər xəbərlər

Bu dağın o üzündə

Ermənistan Azərbaycana qarşı ərazi iddiasını son 200 ildə bütün məqamlarda həyata keçirmişdir. Azərbaycan ərazisində özlərinə  dövlət quran bu etnik qrup zamanla əhatəsini genişləndirmiş, İrəvan xanlığının ərazilərini öz məskənləri hesab etmişdilər. Bununla da kifayətlənməmiş, yaşadıqları kənd və şəhərlərdə yurd sahibi azərbaycanlıları sıxışdırmağa başlamışdılar. İlkin olaraq kəndlərin, yaylaqların,  çay, bulaq və tarixi məkanların adlarını dəyişdirərək erməni adları ilə əvəz etmişdilər. Daha sonra həmin ərazilərdə yaşayan yerli azərbaycanlıları yer-yurdlarından didərgin salmışdılar. Dəfələrlə deportasiya planı həyata keçirən ermənilər millətimizə qarşı amansız olmuş, bir çox vəhşiliklər törətmişlər. Ötən əsrin əvvəllərindən ermənilərin iddiaları,  tələbləri də dəyişmişdir. Onlar artıq sahibləndikləri indiki Ermənistan əraziləri ilə kifayətlənmir, daha böyük “arzularla” yaşayırdılar. Özlərinin də dediyi kimi, “böyük Ermənistan” naminə ətraf əraziləri də ələ keçirmək, özününküləşdirmək xəyalı qururdular.

Xatırlayıram, ermənilərin bir çox vəhşiliklərinin şahidi olmuş nənəm illər əvvəl evimizdə işləyən erməni ustalara yaxın getməyimizi,  onlarla çox ünsiyyətdə olmağımızı məsləhət görmürdü.  Hətta  təkrar-təkrar tapşırırdı ki, ermənilərin əlindən nəsə alıb yeməyin,  haramdı bala, deyirdi. Bəzən olanları xatırlayıb, ermənilərin azərbaycanlı qadınların kürəyinə qaynar samovarı bağlayıb qaçmağa məcbur etmələrindən, uşaqları xüsusi amansızlıqla öldürmələrindən, tərəkəmə obalarının yaylaqda başlarına gətirilən müsibətlərdən ürəkağrısı ilə danışırdı. Bu vəhşi qəbilənin hətta yaylaqda sağmal heyvanların,  qoyunun,  inəyin əmcəyini kəsdiklərini deyirdi. O zaman  biz uşaq idik. Nənəmizin danışdıqlarını adi nağıl kimi başa düşürdük. Lakin zaman keçdi, bu vəhşiliklərin, törədilən faciələrin  canlı şahidi olduq. Anladıq ki, nənəmizin bizə danışdıqları  nağıl yox, həqiqət imiş. Onlar kəndimizdə tikdikləri və təmir etdikləri evlərdə müxtəlif əlamətləri əks etdirən erməni işarələri vurmuşdular. Kimin ki, evində erməni usta işləmişdi, hamısında bu və ya digər formada erməni izləri var idi. Demək ki, erməni hər yerdə öz xislətini,  xarakterini göstərir. Gizlin izlər qoymaqla gələcəkdə tarixə müdaxilə edib, ərazi iddiasında olsunlar.

Bəli, ermənilər qədim yurd yerlərimizi özününküləşdirmişlər. Toponimlərdə dəyişiklik “uğurlu" alındıqdan sonra deportasiyaya başladılar. Ermənilər yaxşı bilirdilər ki, Qərbi azərbaycanlılar asanlıqla yurd-yuva verməyəcəklər. Elə bu səbəbdən də erməniləşdirmə siyasətini böyük planla həyata keçirdilər. Bütün kənd və şəhərlərdə ermənilərin sayı artırılırdı və  azərbaycanlılar yaşadıqları ərazilərdən sıxışdırılaraq çıxarıldılar. Havadarlarının himayəsi sayəsində ötən əsrin axırlarında ermənilər bütün Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların köçürülməsini və yaxud da didərgin salınmasını həyata keçirdilər.

Zaman dəyişdiyi kimi, tarix də dəyişir, tarixə baxış da. Bu gün Azərbaycan öz inkişaf səviyyəsinə görə çox ölkələri geridə qoyub. Əlbəttə ki, hazırkı durumda Azərbaycan dövləti Qərbi Azərbaycan məsələsinə də biganə qala bilməzdi. Çünki Qərbi Azərbaycan əzəli, əbədi yurd yerlərimizdir. Ünvan həmən ünvan, yurd o yurddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz elə bu məqsədlə də ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşərkən öz çıxışında xüsusi olaraq həssas məqamlara toxundu. Böyük inam hissi ilə o yerlərə  əzəli, əbədi yurd yerlərimizə dönəcəyimizi dedi. Bəli,  azad Qarabağın o üzü--Kəlbəcər dağlarına qovuşan, Naxçıvanın köksünə sığınan Qərbi Azərbaycan bizim Vətənimizdir.                               

                  Ramidə YAQUBQIZI,

                                                    “Respublika”.