Pambıqçılığa həsr olunmuş tarla seminarı
Ekologiya

Pambıqçılığa həsr olunmuş tarla seminarı

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf, həmçinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzlərinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

Açıq tarla şəraitində keçən tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafında atılan addımlardan danışıb. Qeyd edib ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir. Milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, daha sonra pambıqçılığın qarşısında duran əsas vəzifələr, yerli və xarici pambıq sortlarının vegetasiya müddətində məhsuldarlığın artırılmasına təsir edən amillər, toxumçuluğun qurulması, stres faktorlara davamlı yerli pambıq sortlarının yaradılması haqqında məlumat verilib. Sonda seleksiya təcrübələri və toxumluq əkin sahələrinə baxış keçirilib, institutda aparılan seleksiya işləri haqqında məlumat verilib.

Nəriman CAVADOV,

"Respublika".