Parisin maskası düşdü - məkrli maraqlar ifşa olunur
Siyasət

Parisin maskası düşdü - məkrli maraqlar ifşa olunur

Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının (XXO) geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa cəhd edib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Hadisədən sonra prezident Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.

Müxtəlif ölkələrdə Fransa kəşfiyyatının fəaliyyəti və ya casusluq iddiası ilə bağlı hesabatlar, DGSE kimi, fransız kəşfiyyat orqanlarının gizli əməliyyatları mediada gündəmə gəlib. Belə ki, diplomatik pasportlara malik dörd Fransa vətəndaşı Burkina-Faso hakimiyyəti tərəfindən casusluq ittihamı ilə saxlanılıb. Burkina-Fasonun hakimiyyət orqanları Fransa Xarici Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu müəyyən edilən şəxslərin ölkədəki fəaliyyəti ilə bağlı təhqiqata başlayıb.

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan və Burkina-Fasoda fransız əməliyyatçılarının cəlb olunduğu casusluq və ya kəşfiyyat fəaliyyəti diplomatik gərginlik yarada, xalqlar arasında diplomatik münasibətləri gərginləşdirə bilər. 2022-ci ilin sentyabrında İbrahim Traorenin dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirməsindən sonra Fransa və Burkina-Faso arasında münasibətlər pisləşib. Çevrilişdən sonra ölkənin yeni rəhbərliyi hökuməti buraxıb, konstitusiyanın fəaliyyətini dayandırıb və siyasi aktivliyi qadağan edib. Bu kimi hadisələr tez-tez rəsmi sorğulara, etirazlara və ya hökumətlər arasında müzakirələrə səbəb olur, ikitərəfli münasibətlərə və etimada təsir göstərir. Fransanın bu kimi əməlləri artıq təəccüb doğurmur. Müasir dövrdə tərəfdaşlıq əlaqələrinin inkişafına dəstək olmaq yerinə, öz tarixi müstəmləkəçi genlərindən qopa bilməyən Paris, hələ də ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışır.

Bu gün Azərbaycan həm daxili, həm də xarici təhdidlərə qarşı tam hazırlıqlı vəziyyətdədir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhlükəsizlik sistemi sayəsində ölkəmiz lazımi şəkildə mühafizə olunur. Dövlətçilik fəaliyyətinin prioritetlərindən olan ölkənin təhlükəsizlik və müdafiə sisteminin formalaşdırılması, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının təmin olunması kimi vəzifələr uğurla yerinə yetirilir. Fransa xüsusi xidmət orqanlarının rezidentura şəbəkəsinin aşkar olunması da bunun sübutudur. Buna başqa bir nümunə isə noyabr ayında ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin ifşa olunmasıdır. Həmçinin Fransa kəşfiyyatının fəaliyyəti ilə bağlı xəbərlərin məhz xarici mətbuat orqanlarında dərc olunması da göstərir ki, Azərbaycan dəqiqlik və peşəkarlıqla bu vəzifənin icrasını həyata keçirib.

Ölkəmizin Fransanın məkrli siyasətini su üzünə çıxarması ilk hadisə deyil. Azərbaycanın daim Afrika və digər bölgələrdəki Fransa müstəmləkələrinə dəstəyini ifadə edib, bu istiqamətdə tədbirlər keçirib. Son məlumatlara görə, Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir. Mənbələrdə diplomatik missiyanın "artıq normal fəaliyyət göstərə bilməyəcəyi" deyilir. Qeyd edək ki, Fransanın Nigerdəki səfiri Silven İtte sentyabrın 27-də ölkənin paytaxtını tərk edib. Bütün bunlar onu göstərir ki, Fransanın davam etdirmək istədiyi neokolonial siyasət, ölkələrə müdaxilə cəhdi artıq heç bir cəbhədə nəticə vermir. Artıq bütün xalqlar müstəmləkə ənənələrindən qurtulub azad şəkildə yaşamağı arzu edir. Fransanın çirkin planları, qeyri-konstruktiv mövqeyi bütün dünyada ifşa olunur.

Bu məsələlərin fonunda onu demək mümkündür ki, illər ərzində uğursuz vasitəçilik missiyaları ilə yaddaqalan Parisin tək məqsədi öz məkrli maraqlarını həyata keçirməkdən ibarət olub. Fransa bu gün də Cənubi Qafqaza müdaxiləyə cəhd edir. Bu səbəblə də hazırda artıq onların vasitəçilik missiyası öz effektivliyini itirib. Hətta Paris sülh prosesinə mənfi təsir göstərir, Ermənistana silah satmaqla onu müharibəyə həvəsləndirir. Buna görə də, ölkəmiz artıq xarici vasitəçilərə deyil, Ermənistanla birbaşa təmaslara üstünlük verir. İrəvan sülhə atılan addımları düzgün qiymətləndirməli və müstəqil addımlar atmalıdır. Böyük dövlətlərin maraqlarının sülh üçün risk faktoru olmasına icazə verməməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".