Paşinyan “ağa”sına üz çevirir
Siyasət

Paşinyan “ağa”sına üz çevirir

Son dövrlər Ermənistan ilə Rusiya arasındakı münasibətlərin gərginləşməsinin əsas səbəbi Paşinyan hakimiyyətinin Rusiyaya "xəyanəti", başqa sözlə desək, Moskvadan üz çevirərək Qərbin çaldığı havaya oynamasıdır. İşin maraqlı tərəfi isə artıq Ermənistan baş nazirinin Rusiyanı açıq şəkildə ittiham etməsidir.

Bu, Paşinyanın Fransaya səfəri çərçivəsində "France 24"ə verdiyi müsahibəsində bir daha öz əksini tapdı. Belə ki, Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini tənqid edib. Onun sözlərinə görə, Rusiya bir neçə ay əvvəl açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb. Paşinyan əlavə edib ki, Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir. Ermənistan baş naziri Rusiya ilə hərbi əməkdaşlıq məsələsinə də toxunub. O, qeyd edib ki, İrəvan ilə Moskvanın əvvəlki kimi, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi və müdafiə əlaqələrini artırması mümkün deyil. Paşinyan bununla Qərb qarşısında özünün və komandasının qərbyönlü olduğunu, Fransaya "sığındığını" bir daha təsdiqlədi.

Bundan əvvəl, fevralın 22-də Fransanın müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri də Rusiyaya müəyyən mesaj idi. Çünki məhz bu səfərdən sonra Cənubi Qafqazda yenidən vəziyyət gərginləşdi. Belə ki, hələ səfər bitməmiş Ermənistan ordusunun bölmələri Azərbaycanla şərti sərhəddə atəşkəs rejimini pozdular. Halbuki fevralın 12-də Zəngilan istiqamətində törədilən təxribatı nəzərə almasaq, iki ölkənin şərti sərhədində 5 aya yaxın idi ki, heç bir təxribat baş vermirdi. Fevralın 23-də səhər saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutdular.

Ümumiyyətlə, İrəvanda Rusiya əleyhinə etirazlar artıq isterik həddə çatıb. Ermənistanın Kremlə yönəlik bəyanat, sərt çıxışlar və şantaj xarakterli açıqlamaları narazılıqların güclənməsinə səbəb olur. Ermənistan siyasiləri də Moskvanı müxtəlif formada ittiham edir, ölkənin başına gələn bütün bəlalarda Rusiyanı səbəbkar kimi göstərirlər. Əslində, Nikol Paşinyan bununla Qərbdən aldığı göstərişi və tapşırıqları yerinə yetirir, bu yolla ictimai rəyi uğurla Rusiyaya qarşı yönəltməyə çalışır. Şübhəsiz, İrəvanda Rusiya əleyhinə ritorikanın güclənməsində həm Paşinyanın yaratdığı vəziyyət, həm də Qərbin Ermənistana təzyiqləri mühüm rol oynayır. Ötən ilin payızında baş nazir respublikanın təhlükəsizlik sahəsində yalnız bir ölkədən asılılığının strateji səhv olduğunu söyləmişdi. Bundan başqa, Ermənistan baş naziri hərbi baza məsələsini də gündəmə gətirmişdi. Həmçinin Paşinyanın KTMT-nin təlimlərinə qoşulmaqdan imtina etməsi qurumla münasibətlərin pozulduğunu da göstərirdi. Rusiya ilə əlaqələrdə Ermənistanın dəyişməz xisləti bir daha özünü büruzə verdi. Halbuki ermənilər bugünkü varlığını Kremlə borcludurlar. Hərbi baza məsələsinə gəldikdə isə Paşinyan demişdi ki, Qarabağ məsələsində bu baza heç bir rol oynamayıb. Bir faktı da vurğulayaq ki, Ermənistanın hələ Sovet İttifaqına daxil olduğu zaman ərazisi 9 min kvadratkilometr idisə, cəmi bir neçə il sonra Azərbaycan torpaqları hesabına bu göstəricini 29 min kvadratkilometrə kimi qaldırmışdı. Yəni vaxtikən Ermənistanda Rusiya hərbi bazasının yerləşdirilməsini təntənəli qeyd edən rəsmi İrəvan ondan canını qurtarmaq istəyir.

İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşdı. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin nüfuzunu artırdı, Ermənistanın isə rəzil duruma düşməsinə gətirib çıxardı. Döyüş meydanındakı ağır məğlubiyyəti ilə barışmaq istəməyən Paşinyan hakimiyyəti nala-mıxa vurmaqla mövcud vəziyyətdə ancaq Rusiyanı günahlandıra bilərdi. Çünki müharibə zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət etsə də, imtina etmişdi. O, bildirmişdi ki, müharibə Azərbaycanın torpaqlarında gedir və ölkənin daxili işinə qarışa bilməz. Bundan sonra ölkə daxilində anti-Rusiya əhvali-ruhiyyəsi getdikcə pik həddə çatdı. Bu gün İrəvanda cərəyan edən hadisələr, eyni zamanda Paşinyanın "France 24"ə müsahibəsi zamanı Moskvanı tənqidləri onun ağasına qarşı açıq şəkildə soyuq müharibə elan etdiyindən xəbər verir. Qərbə uyan Ermənistan baş nazirinin bu hoqqadan qalib çıxacağını, yaxud növbəti illərdə də Kremlin forpostluğunda qalacağını isə zaman göstərəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".