Peyvəndlənmə davam edir
Bölgələr

Peyvəndlənmə davam edir

Respublikamızın bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də "Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməyə cəlb olunması  ilə əlaqədar maarifləndirmə tədbirləri uğurla davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə şəhər icra hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən gündəlik reydlər aparılır. Ticarət, iaşə və xidmət obyektlərində həyata keçirilən reydlərdə, həmçinin, vətəndaşlara zərurət olmadan digər şəxslərlə təmasdan uzaq olmaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi bildirilir.

Eyni zamanda, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu, bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunur.

2021-ci ilin 21 sentyabr tarixinə olan məlumata görə, şəhər üzrə COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 84843 olub. Belə ki, 47286 nəfər birinci mərhələ üzrə, 37492 nəfər ikinci mərhələ üzrə, 65 nəfər isə üçüncü mərhələ üzrə vaksinasiya olunub. Gün ərzində 608 doza vaksin vurulub. 107 doza birinci mərhələ, 496 doza ikinci mərhələ, 5 doza üçüncü mərhələ üzrə vaksin olunub. Peyvəndlənmə davam edir.

Tofiq HÜSEYN,

“Respublika”.