Qalib Azərbaycan vədinə sadiq Liderin əsəridir
Siyasət

Qalib Azərbaycan vədinə sadiq Liderin əsəridir

İyirmi il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və bu inamında yanılmadı. Azərbaycanın taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə 42 yaşı vardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli missiyanın öhdəsindən heyrətamiz dərəcədə bacarıqla gələn İlham Əliyevin həyatı, keçdiyi ömür yolu bir uğur hekayəsidir.

İlham Əliyev müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşib. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında çox düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. Yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malik olmaqla yanaşı, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat edib. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirib. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu xüsusiyyətləri özündə birləşdirən lider, tarixi şəxsiyyətdir. O, öz xalqının, dövlətinin parlaq gələcəyinin və rifahının qarantıdır.

Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Azərbaycanın bugünkü reallıqlarına nəzər salsaq, görərik ki, ölkə, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir.

Qələbə ilə bitən 44 günlük Zəfər savaşında ölkə başçımızın yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində Azərbaycan bütün dünyada nüfuzunu artırdı. Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Azərbaycanın əzəli-əbədi torpaqları olan qədim Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan ölkə başçımızın "dəmir yumruğ"unun nələrə qadir olduğunu dünyaya nümayiş etdirdi. Belə ki, ölkəmiz etibarlı tərəfdaşa çevrildi və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması son 20 ildə bütün sahələrdə özünü dəfələrlə isbatladı.

Hazırda İlham Əliyevin uzaqgörən siyasəti ilə Zəngəzur dəhlizinin açılması, Laçın koridorunun işə salınması, Ermənistanla sülh müqaviləsinin imzalanması kimi beynəlxalq əhəmiyyətə malik olan mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə həm ölkə daxilində və həm də dünya miqyasında məqsədyönlü iş aparılır. Dövlət başçısı, eyni zamanda dünya azərbaycanlılarının haqq və hüquqlarının müdafiə olunması sahəsində də düşünülmüş bir siyasəti uğurla həyata keçirir.

Ölkə başçımız İlham Əliyev 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də hakimiyyətə gələndə işğal altındakı torpaqlarımızın azad olunacağı barədə xalqımıza söz verdi. O, sözünə sadiq lider kimi artıq dünya tarixinə düşüb. Ali Baş Komandan Prezident seçilməsindən 17 il sonra işğal altında olan torpaqlrımızı düşmən tapdağından azad etdi. Bundan sadəcə 3 il sonra doğma torpağımız Xankəndidə şanlı bayrağımız dalğalanmağa başladı. Bu, bizim olan o torpaqlara əbədi qayıdışımızın simvoludur. Artıq bizim ərazilərdə separatizmin kökü kəsilib.

Bir daha qeyd etməliyik ki, zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin əsəridir.

Röya RÜSTƏMLİ,

"Respublika".