Qalib ölkənin hakim partiyası
Digər xəbərlər

Qalib ölkənin hakim partiyası

Bu gün özünün 30 yaşını qeyd edən Yeni Azərbaycan Partiyası 1992-ci ildən ümummilli lider Heydər Əliyevin, 2003-cü ilin 15 oktyabr tarixindən isə seçkilərdə xalqın böyük əksəriyyətinin səsini toplayaraq Prezident seçilən İlham Əliyevin sədrliyi ilə bugünkü inkişaf səviyyəsinə çatdı, tərəqqipərvər Azərbaycan vətəndaşlarını öz sıralarında birləşdirdi.

30 il öncəki hadisələrə nəzər salsaq, görərik ki, YAP Azərbaycanın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə xalqımızın vətənpərvər insanlarının, ziyalıların təşəbbüsü və iştirakı ilə tarixi zərurətdən irəli gələrək yaranmışdır. 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında partiyanın proqram və nizamnaməsi qəbul olundu. Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.

Ötən illər ərzində YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. "Yeni, müstəqil Azərbaycan uğrunda!" çağırışını proqramında irəli sürən YAP məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.

Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olan YAP 30 ildir ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.

Daim yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradaraq, YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi: "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var".

Qurultayda Birinci vitse-prezident Mehriban Əliyeva YAP Sədrinin müavini vəzifəsindən Birinci müavin vəzifəsinə təyin edildi. Mehriban Əliyevanın YAP Sədrinin Birinci müavini olması partiyanın ümumi fəaliyyətinə böyük təkan verdi. O, Azərbaycan dövlətinin və xalqının maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Əzmkarlığı ilə azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən Mehriban xanım Əliyevanın dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlu fəaliyyəti təqdirəlayiqdir.

Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın "Biz birlikdə güclüyük!" devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur.

YAP siyasi dialoqa partiyalararası münasibətlərdə əməkdaşlığı möhkəmləndirən mühüm faktorlardan biri kimi baxır. Partiyanın proqramında qeyd edildiyi kimi, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyalar arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir. Xüsusilə, vətəndaş həmrəyliyinin və siyasi dialoqun mövcudluğu ümummilli məsələlərin həllində vacib əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın tərəqqisini təmin edən amillərdən biri milli birlik və siyasi həmrəylikdir. Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri YAP-ın cəmiyyətdə mövqeyini möhkəmləndirir.

YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir. YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir.

YAP-ın yeni proqramında "Heydər Əliyev irsinin təbliği və təşviqi", "Güclü iqtisadiyyat və davamlı inkişaf", "İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı", "Şəffaflığın artırılması", "Vətəndaş cəmiyyətinin inkişafı", "Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi", "Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması", "Vətəndaş həmrəyliyinin təminatı", "Milli maraqlar və xarici siyasət", "Ordu quruculuğu" və "İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış"la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.

YAP ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının oynadığı rolu yüksək qiymətləndirir. Buna görə də partiya dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, dövlət orqan və qurumlarında kollegial qərarların qəbulu zamanı, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiliyinin və iştirakının təmin edilməsi, dövlət orqan və qurumları yanında yaradılmış ictimai şuraların fəaliyyətində səmərəliliyin artırılması, ictimai şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi və s. hədəflərlə çıxış edir.

Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Xüsusi qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası (YAP) 30 yaşını artıq yeni - Qalib Ölkənin, Qalib Dövlətin, Qalib Xalqın, Qalib Cəmiyyətin Hakim Partiyası statusunda keçirməyə hazırlaşır. 30 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. İnanırıq ki, böyük ənənələrə malik Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq artıq yeniləşmiş formatda ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı.