Qanunsuz erməni birləşmələrinin ərazilərimizdən çıxarılması mütləqdir
Digər xəbərlər

Qanunsuz erməni birləşmələrinin ərazilərimizdən çıxarılması mütləqdir

Azərbaycan Ordusunun "Qisas-2" əməliyyatından hələ də nəticə çıxarmayan separatçı qüvvələr yenidən Ağdam istiqamətində atəşkəs rejimini pozub. Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, iyulun 3-də 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində iş dərhal dayandırılıb.

Hərbi ekspert Ədalət Verdiyev son günlərdə Qarabağ ərazisində baş verən hadisələri şərh edərək deyib: "Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində erməni silahlı birləşmələrinin Ağdam rayonunu növbəti dəfə atəşə tutması Azərbaycan tərəfini qəti addımlar atmağa vadar edir. Hesab edirəm ki, sülhməramlı kontingentin erməni hərbçilərinə kuryerlik etməsi onları daha da cəsarətləndirir. Bu isə bizim üçün qətiyyən qəbuledilməz haldır. Azərbaycan ərazilərində bir dənə də olsun erməni əsgəri qalmamalıdır. Əks halda isə yerləşdikləri mövqelər darmadağın olunmaqla Dövlət bayrağımızın həmin ərazilərdə qaldırılması mütləqdir".

 "Qisas-2" əməliyatından da danışan Ədalət Verdiyev iyunun 26-dan etibarən başlayan təxribatların heç də təsadüf olmadığını qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirdiyi görüş ərəfəsində qarşı tərəf sülh prosesinə əngəl törətmək məqsədilə növbəti dəfə Qarabağda atəşkəsi pozdu. Nəticədə Silahlı Qüvvələrimizin bir hərbi qulluqçusu yaralandı. Bu hadisədən dərhal sonra Azərbaycanın Müdafiə Nazirliyi "Qisas-2" antiterror əməliyyatını həyata keçirdi. Və 5 erməni hərbi qulluqçusu məhv edildi. Öldürülmüş erməni əsgərlərdən 2 nəfərin Ermənistan vətəndaşı olması bir daha Nikol Paşinyanın yalanlarını üzə çıxardı. Bu da ona sübutdur ki, Nikol Paşinyanın saxta bəyanatlarına baxmayaraq, hələ də Qarabağdan erməni hərbçiləri çıxarılmayıb. "Qisas-2" əməliyyatından sonra da erməni terrorçuları zaman-zaman atəşkəsi pozmaqda davam edirlər. Bəzən biz erməni hərbçilərinin müəyyən yer dəyişmələrini də müşahidə edirik. Bu isə o deməkdir ki, qarşı tərəf son hadisələrdən sonra hələ də doğru-dürüst nəticə çıxarmayıb. Hesab edirəm ki, Ermənistandan göndərilən silahlıların Azərbaycan ərazilərində mövcudluğu, onların burada təxribatçı addımlar atması, mühəndis-istehkam qurğuları inşa etməsi, Qarabağ ərazisində sülhməramlı kontingentin müşayiəti altında müəyyən təminat-təchizat işlərini açıq şəkildə həyata keçirmələri Azərbaycan tərəfini daha sərt, təsirli, səmərəli və adekvat addımlar atmağa vadar edir ki, burada da "Qisas-3" əməliyyatının keçirilməsi ehtimalı çox böyükdür".

Musa BAĞIRLI,

"Respublika".