Qlobal Media Forumunun Şuşada keçirilməsi dünyaya bir mesajdır
Digər xəbərlər

Qlobal Media Forumunun Şuşada keçirilməsi dünyaya bir mesajdır

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun iyulun 23-də sonuncu - üçüncü sessiyası baş tutub. Forumun "Təhlükəsizlik məsələləri" adlı sessiyasında "TRT World"un aparıcısı Reagen Des Vignesin moderatorluğu ilə iştirakçılar kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirə aparıblar.

Şuşa Forumunda rəqəmsal media mühitində transformasiya və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri müzakirə olunub. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər, yeni media dövründə ənənəvi mediamızın, dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri müzakirə mövzusu olub. Eyni zamanda, media savadlılığının dezinformasiyaya qarşı mübarizə də əsas istiqamət olduğu vurğulanıb və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib. Sessiyada iştirakçılar, həmçinin media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qonaqların suallarını cavablandırıblar.

Ümumilikdə, Şuşa Qlobal Media Forumunda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, belə forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində media savadlılığı sahəsində baş verən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir:

Doğma Şuşamızda Qlobal Media Forumunda Prezident İlham Əliyevin iştirakı bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu.

Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Xarici jurnalistlər media sahəsindəki qlobal məsələlərə diqqət çəkiblər. Rumıniyanın Milli İnformasiya Agentliyi - AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae bildirib ki, jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Məqsəd oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdırmaqdır. Bütün jurnalistlərin hədə-qorxularla rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib ki, bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili isə deyib ki, jurnalistlər ictimaiyyətin problemlərinin həll yollarını axtarıb tapmaq istiqamətində çalışmalıdırlar. Qırğızıstanlı media eksperti Kubanıçbek Taabaldiyev isə Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib ki, belə böyük miqyasa malik tədbirlər nəinki media nümayəndələri, hər kəs üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev düzgün siyasət apardığını beynəlxalq aləmdə indi bütün dünya etiraf edir və nəticə etibarilə Azərbaycanın nüfuzu daha yüksək səviyyəyə qalxacaq.

Qırğızıstanlı nümayəndənin dediyi kimi, Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə ölkəmizin başçısı tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə yüksək səviyyəli tədbirin Qafqazın mədəniyyət beşiyi hesab edilən Şuşada keçirilməsi də səbəbsiz deyil. Çünki bu qədim Azərbaycan diyarı artıq həm də zəfər simvoluna çevrilib. İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında demişdir:

"Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir".

Bu baxımdan, Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın şanlı Zəfərinin, eləcə də genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Jalə QASIMZADƏ,

"Respublika".