Quruculuq işləri sürətlə aparılır
Digər xəbərlər

Quruculuq işləri sürətlə aparılır

Qarabağ və Şərqi Zəngəzur

Otuz ilə yaxın davam etmiş erməni işğalı Qarabağda və Şərqi Zəngəzurda bütün  həyat işartılarını  məhv edib. Çox qəddarlıqla, qatı nifrətlə azərbaycanlıların yaşadıqları qədim yurd yerlərini xarabalığa çevirən düşmən hər tərəfi viran qoyub.

İşğal dövründə torpaqlarımızda düşmən bütün çirkinliyini, vəhşiliyini, naqisliyini  və eybəcərliyini nümayiş etdirib, yurd yerlərimiz  total etnik-mədəni təmizləməyə məruz qalıb. Ümumilikdə, 8 şəhər tamamilə dağıdılıb, 54 min hektar meşə sahəsi məhv edilib, o cümlədən nadir flora nümunələri bu ekoloji terrorun qurbanıdır. Qarabağ və Şərqi Zəngəzurda yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər mədəniyyət və tarixi abidələr ya sökülüb, ya da təhqir olunub. Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, işğaldan azad edilən ərazilərdə ağıllı şəhərlərin qurulması və vətəndaşlarımıza yüksək həyat standartlarının çatdırılması əsas məqsədimizdir. Azad edilmiş ərazilərə innovasiyalar gətirmək, daha yaxşı infrastruktur qurmaq və sənaye inkişafının dəstəklənməsi istiqamətində davamlı işlər görülür. Eyni zamanda, yaşıl enerji infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etmək əsas hədəflərimizdən biridir.

Davamlı inkişafı təmin edən əsas amillərdən biri Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılmasıdır. Bu məqsədlə 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikilir. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləmək üçün hökumət tərəfindən bütün zəruri suvarma və su idarəetmə sistemlərinə sərmayə qoyulub. 2026-cı ilə qədər əsas hədəf Ağdam və Füzuli şəhərlərini və 32 kəndi yenidən qurmaqdır. Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti də inkişaf etdiriləcək. Birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkünü öz ata-baba yurdlarına köçürmək və orada insanların firavan yaşamalarını təmin etmək əsas məqsədlərdən biridir. Ağdamda bir neçə yeni pilot layihə tətbiq edilir. Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verilib və bəzi işlərdə isə sürət artırılıb.

Qarşımıza 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qoyulub. Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. İlkin olaraq, 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikiləcək. Təkcə Ağdam şəhərində isə 5608 evin tikilməsi nəzərdə tutulur. Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb. Daha 2 layihə də nəzərdə tutulur. Bu ildən həmin layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb.

İşğaldan azad edilmiş rayonların sırasında ən birinci Baş Planı təsdiq edilən Ağdamda istər minatəmizləmə işlərində, istərsə də baza infrastrukturunun qurulması sahəsində vacib işlər görülür. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin, sosial-iqtisadi infrastrukturun qurulması üzrə işlər həyata keçirilir. Ağdam şəhərində 1 nömrəli məktəbin tikintisində son tamamlama işləri aparılır. Qeyd edək ki, Böyük Qayıdış Planının birinci mərhələsində Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi nəzərdə tutulub. Hazırda Ağdam şəhəri ərazisində 35 kV-luq 4x2500 kVA gücündə 2 transformator yarımstansiyasının tikintisi aparılır. Bu yarımstansiyalar ilkin mərhələdə yenidən qurulacaq şəhər ərazisinə düşür. Habelə əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilməsi davam etdirilir. Əlaqələndirici xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşır. Xaçınçayı üzərində kiçik su elektrik stansiyası quraşdırılır və Xaçın gölünün bəndində əsaslı təmir-bərpa işləri görülür. Qoyuluş gücü 4,8 meqavat olan “Suqovuşan-1” və 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarında ötən il 13 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Bir il sonra - 2021-ci il oktyabrın 3-də “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Bu günə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 avtomobil və 2 dəmir yolu tikilib. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda əhalinin təhlükəsizliyi üçün bütün addımlar atılır. Bölgədə yeni sənaye sahələri, istehsal müəssisələri yaradılır. Kənd təsərrüfatının inkişafı bura xarici investisiyanın cəlb edilməsinə də stimul yaradır. Eyni zamanda, bölgədə  ərzaq təhlükəsizliyinin təmini üçün 60 min hektar ərazidə ötən payızda səpin aparılıb. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qazandığımız böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün bütün tədbirlər ardıcıl və davamlı şəkildə həyata keçirilir.

Salman ALIOĞLU,

“Respublika”.