Qarabağda həyat yenidən canlanır
Digər xəbərlər

Qarabağda həyat yenidən canlanır

Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı.

İkinci Qarabağ savaşı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində şanlı qələbə ilə başa çatdı. Tarixi zəfərimiz, şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun hər bir fərdinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu təsdiqlədi. 30 illik işğal dövründə vandal ermənilər mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Ən diqqətçəkən məqamlardan biri isə bu illər ərzində işğal etdikləri ərazilərdə heç bir tikinti, yaxud quruculuq işlərinin aparılmamasıdır. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz. Ermənistan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyindən də əmin idi.

Müharibə bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanıldı. Təməli qoyulan kəndlər, şəhərlər, ictimai obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyinin göstəricisidir. Bu istiqamətdə görülən işlər arasında hava limanlarının tikintisi nəqliyyat-logistika imkanlarının yaradılmasında müstəsna rol oynayır. Həmin limanlar işğaldan azad edilmiş ərazilərin bərpası və gələcək inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük uğurlardandır. Ən əsası bu, respublikamızın güclü iradəsini, Qarabağda həyata keçirilən bərpa-yenidənqurma işlərinə xüsusi diqqətin təzahürüdür. Qarabağın "yaşıl enerji" zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində aparılan mühüm işlərdəndir. Yaşayış massivlərinin "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modern səviyyədə həyata keçirildiyinin göstəricisidir.

Tikinti-quruculuq işlərində diqqətçəkən məqamlardan biri də burada meliorativ tədbirlərin görülməsidir. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə böyük su mənbələri mövcuddur. 30 illik işğal dövründə xain ermənilər bizim bu potensialdan istifadəmizə əngəl yaratmış, ölkəmizə qarşı ekoloji terror həyata keçirmişlər. Xain qərb qonşumuz su təminatı istiqamətində də məkrli siyasətini davam etdirmiş, Sərsəng və Suqovuşan su anbarlarını öz nəzarəti altında saxlamışdır. Ərazi bütövlüyümüzün bərpasından sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatı yaxşılaşdırılmış, 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə imkanı yaranmışdır. Prezident İlham Əliyevin tez-tez bu ərazilərə səfəri, burada görülən işlərlə şəxsən tanışlığı ölkə başçımızın diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısının yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsi bunu bir daha təsdiqləyir: "Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq... 2023-cü ildə laçınlılar Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlar".

Azərbaycan regionda yeni reallıqlar yaradır. Bu gün Qarabağ bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevrilir. Əminliklə deyə bilərik ki, Qarabağ tezliklə cənnətməkana çevriləcək.

Nəzrin ELDARQIZI,

"Respublika".