Qayğı məmnunluq yaradır
Region

Qayğı məmnunluq yaradır

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçməklə düşmənə qarşı son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olan igidlərimizə dövlət başçısı başda olmaqla xalqımızın böyük ehtiramı və ailəsinə göstərilən sonsuz diqqətdən şəhid anası olaraq çox razıyam. Çünki bizim xalq və vətən qarşısında müqəddəs borcumuz vətənpərvər oğul böyütməkdir. Bütün şəhid və qazi anaları bu hünəri ilə daim qürur duyur və nəsillərə örnək olan addımları ilə fəxr edir.

Mütəmadi olaraq şəhid ailələri ilə görüşür, fikir mübadiləsi aparır və tədbirlərdə iştirak edirik. Hər birimiz yaxşı bilirik ki, vətənimizin ərazi bütövlüyünün qorunması üçün xanımların da üzərinə mühüm vəzifələr düşür. Biz də böyütdüyümüz igidlərimizin qəhrəmanlığı ilə bu vəzifələrə layiqincə əməl etməyə çalışmışıq. Bu səbəbdən də xalqımızın monolit birliyi torpaqlarımızın düşmən tapdağından azad edilməsinin başlıca faktorlarından biri oldu. Çünki xalqla ordumuzun dövlət başçımızın "Dəmir yumruğu" ətrafında birliyi qələbəmizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı.

Oğlum Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkət Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi. İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 26 oktyabr 2020-ci ildə Zəngilanın azad edilməsi uğrunda gedən qanlı döyüşdə rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Oğlumun azadlığı uğrunda vuruşduğu və şəhid olduğu torpaqları ziyarət etmək üçün həmin ərazilərə və son dəfə döyüşdüyü Zəngilan rayonunun Vejnəli kəndinin yüksəkliyinə getdim və həmin yerə Azərbaycan bayrağını sancdım.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək olan YAŞAT Fondunun yaradılması haqqında imzaladığı Fərman humanist addımlardan biridir.

Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı göstərilir.

Dövlətimizin və xalqımızın şəhid ailələrinə diqqətini və qayğısını yüksək qiymətləndirməklə şəhid anası olaraq bundan qürur duyuruq.

Gülnarə MUSTAFAYEVA,

"Vətən naminə" Şəhid Ailələrinə

Dəstək İctimai Birliyinin sədri,

şəhid anası,

Şəki rayonu.