Qələbənin mühüm formulu: lazım olan vaxtda lazım olan addımlar
Siyasət

Qələbənin mühüm formulu: lazım olan vaxtda lazım olan addımlar

"...O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınmasından bəhs edərkən Prezident diqqətə çatdırmışdı ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan (Günnüt) əməliyyatında olduğu kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun qalibiyyət səhifəsidir. Bundan əvvəl nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi ölü nöqtədən tərpətməyə imkan vermirdi. Bu isə işğalçını qane edirdi. Təbii ki, Azərbaycan öz milli məsələsi olan keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşa bilməzdi. Bundan sonra aparılacaq danışıqların gedişində ölkəmizə qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməzdi.

Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə layiq olduğu yeri göstərdi. Ali Baş Komandanın "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq" sözləri təsdiqini tapdı. Azərbaycan Ordusu Vətən uğrunda şəhid olanların qisasını döyüş meydanında alaraq, torpaqlarımızda otuz ilə yaxın sürən işğala son qoydu.

"30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik". Bu fikirləri Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə 44 gün davam edən Vətən müharibəsi qələbə ilə başa çatdı. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin hər an gündəmdə prioritet məsələ olduğuna diqqət çəkərək deyirdi ki, bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi.

 Müharibə də uğurla başa çatdı. Xalqımız ona görə Prezidentini sevir ki, o, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Şanlı Qələbəmiz işğaldan azad edilmiş ərazilərdə əsaslı bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasını şərtləndirir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, eləcə də onun dayanıqlı inkişaf yoluna çıxarılması və milli iqtisadiyyata inteqrasiya edilməsi Azərbaycanın milli prioritetidir. Vətən müharibəsinin başa çatmasından cəmi üç il zaman kəsiyinin keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması istiqamətində görülmüş işlərin miqyası möhtəşəm və əzəmətlidir.

Füzuli və Zəngilan Beynəlxalq hava limanları, Zəfər yolu kimi nəhəng layihələrin başa çatdırılması, bütün azad olunmuş rayonlarımızda dayanıqlı enerji, su təchizatı infrastrukturunun yaradılması, Ağalı və Talış kəndlərinə, Laçına keçmiş məcburi köçkünlərin dönüşü, digər mühüm quruculuq işləri göstərir ki, Prezident İlham Əliyevin milli ideya elan etdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətli, dinamik və genişmiqyaslıdır. Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan, eyni zamanda işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb. Qarabağda aparılan quruculuq işləri ölkəmizin həyatına da çoxsaylı yeniliklər gətirəcək. Bir sözlə, Böyük Qayıdış keyfiyyətcə yeni həyata qayıdış olacaq.

Mustafa KAMAL,

"Respublika".