Brüssel görüşü regionda təhlükəsizlik mühiti formalaşdırır
Siyasət

Brüssel görüşü regionda təhlükəsizlik mühiti formalaşdırır

Aprelin 5-də Ermənistan-Amerika Birləşmiş Ştatları-Avropa İttifaqı arasında Brüssel görüşü baş tutdu. Amma İrəvanın bu sammitdən gözləntiləri özünü doğrultmadı. Çünki sözügedən toplantının Ermənistanın Rusiyadan iqtisadi asılılığının azaldılması istiqamətində “tarixi dönüş” olacağı və İrəvana ciddi maliyyə dəstəyi göstəriləcəyi gözlənilirdi. Erməni mediası yazırdı ki, İrəvana ildə 3 milyard avro veriləcək. Amma görüşün sonunda məlum oldu ki, Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Təxminən 350 milyon dollarlıq qrant isə indiki məqamda Paşinyan hökumətinin iqtisadi qayğılarını aradan qaldırmağa yəqin kifayət etməyəcək. Üstəlik, Brüssel zirvəsindən əvvəl düşünülürdü ki, kollektiv Qərb İrəvan üçün xüsusi “təhlükəsizlik paktı” hazırlayır. Lakin üçtərəfli toplantıdan sonra o da məlum oldu ki, belə bir sənədin imzalanması baş tutmayıb. Bu da Azərbaycanın siyasi və diplomatik səylərinin nəticəsidir. Belə ki, görüşdən əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək bildirdilər ki, görüş rəsmi Bakıya qarşı yönəlməyib. Toplantı Ermənistanın iqtisadi problemlərinin həllinə və bu ölkədə aparılan sosial-iqtisadi islahatlara həsr olunacaq.

Doğrudur, Qərb buna zidd istiqamətdə kəskin addımlar atmadı. Amma “qoca qitə” və Birləşmiş Ştatların indiki məqamda rəsmi  İrəvanla bu dərəcədə yaxınlaşmasının arxasında hansı səbəblərin dayandığı hər kəsə məlumdur. Qərb İrəvan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır. Yəni supergüclər istəyirlər ki, Ukraynada olduğu kimi, Cənubi Qafqazda da Rusiya-Qərb qarşıdurması yaşansın. Amma bu proses ümumilikdə regionda sülhə təhdiddir və dolayısı ilə Azərbaycanın maraqlarına ziddir. Çünki Moskvanı hədəf alsa belə, İrəvana ayrılan qrantlar, edilən hərbi yardımlar şərti sərhəddə təxribatlarla nəticələnir. Ermənistanı Cənubi Qafqazda özlərinin hərbi forpostuna çevirmək istəyənlər anlamalıdırlar ki, Paşinyan hökuməti ona verilən zəmanətlərdən istifadə edərək destruktiv mövqe nümayiş etdirə bilər. Çünki rəsmi İrəvan konsisution  qaydada ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyib, Qazaxın 7 və Naxçıvanın 1 kəndi hələ də erməni işğalı altındadır və sərhədlərin müəyyənləşdirilməsi barədə razılıq əldə olunmayıb. Bu səbəbdən də müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistanın iqtisadi cəhətdən təhlükəsizliyinə verilən xarici dəstək onun hərbi potensialının gücləndirilməsinə yardım deməkdir.

Görüşdən sonra regionla bağlılığı olan ölkələr də məhz bu məqama toxundular. Məsələn, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı bəyanatında bildirildi ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakterə malik problemli məsələlər 2023-cü il 23 oktyabr tarixində Tehranda Ermənistanın da iştirak etdiyi “3+3” məşvərət platformasının ikinci iclasında razılaşdırılmış “regional məsuliyyət” prinsipinə uyğun olaraq həll edilməlidir: “Qərb, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üzrə nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi tədbirlərini nəzərdə tutan üçtərəfli Bəyanatlar kompleksini alt-üst etmək cəhdlərindən də əl çəkmir”.

Rusiyanın ardınca Türkiyə də Brüsseldə keçirilən üçtərəfli görüşün Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını deyib. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb və belə bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənarda olan tərəflərin prosesə ədalətli və qərəzsiz yanaşması, ehtiyatlı şəkildə zərər vurmaqdan qaçması daha da vacibdir: “Bu kontekstdə aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur. Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq”.

Hadisələrin bundan sonrakı bütün mənfi ssenari üzrə inkişafına görə məsuliyyəti isə  Ermənistan və onun havadarları daşıyır.

Jalə QASIMZADƏ,

“Respublika”.