Qərbin əsl üzü
Siyasət

Qərbin əsl üzü

44 günlük müharibə dövründə də ermənipərəst Fransa Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdi, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı əsassız iddiaları irəli sürdü, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna oktyabrın 3-də Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı ölkəmizə qarşı yalan və böhtanlar səsləndirib. Ermənistanla hərbi əməkdaşlığın gücləndirilməsi, hərbi attaşenin təyini, Sünikdə konsulluğun açılması kimi təxribatçı fikirlərlə çıxış edib.

30 ilə yaxın müddət ərzində vətəndaşlarımızın doğma torpaqlarından zorla qovulmasına, müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə səs çıxarmayan Fransanın indi BMT və digər beynəlxalq təşkilatlarda səsləndirdiyi erməni sakinlərin ərazidən zorla köçkün düşməsi barədə yalan iddiaları absurddur. Hər kəsə məlumdur ki, Azərbaycan reinteqrasiya prosesini dəstəkləyir və Qarabağda qalmaq istəyən sakinləri hər cür şəraitlə təmin edir. Erməni əhali öz dili ilə, buradan zorla qovulmadığını deyərkən, Fransanın onların "vəkili" rolunu öz üstünə götürərək, birtərəfli mövqedən çıxış etməsi suallar yaradır. Görünür, Azərbaycanın antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi və separatçı rəhbərlərin bir-bir tutulması Qərbə sərf etmir.

Fransanın Ermənistanı silahlandırmağa çalışaraq yenidən sabitliyi pozmağa cəhd etməsi onun əzəli xislətidir. Özünü demokratik dəyərlərin daşıyıcısı adlandıran Parisin XXI əsrdən müstəmləkəçilik siyasəti yürütməsi məlumdur. Bu siyasəti davam etdirən Makron hökuməti beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanmasına şərait yaradır.

Rəsmi Bakı və İrəvan arasında əsas danışıqlar Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüssel formatında gerçəkləşib. Moskva və Soçidə, Vaşinqtonda, Arlinqtonda da görüşlər baş tutub. Avropa Siyasi Birliyi çərçivəsində bu günlərdə Qranadada keçirilən danışıqlar prosesi Brüssel və ya Rusiya görüşlərinə yeni heç nə əlavə etmir. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" mikrobloqunda Azərbaycanın Mişel-Əliyev-Paşinyanın iştirakı ilə danışıqlar prosesinin üçtərəfli "Brüssel" formatını dəstəklədiyini və Türkiyənin Qranadada nəzərdə tutulan görüşdə iştirakına qarşı çıxan Fransanın mövqeyini pislədiyini yazıb.

Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb. Görüşdə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu təsdiq edən bəyanat imzalayıb. Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.

Bəlkə də bütün bunlar gözdən pərdə asma cəhdləridir. Necə olur ki, 30 il uzlaşmaq çağırışlarına məhəl qoymayan Ermənistan bu gün sülh istəyir. Paşinyan bir tərəfdən bəyanat imzalasa da, sərhəddə atəşkəs pozulmağa davam edir. Qərbdəki havadarların bu ölkədə belə siyasi bölünmə və münaqişə yaratmaq cəhdlərinin arxasında Cənubi Qafqaza müdaxilə istəyi dayanır. Bölgədə mövqe tutmaq istəyənlər, Azərbaycana qarşı yalan bəyanatları və böhtan dolu çıxışları ilə öz xislətini büruzə verir.

Azərbaycan Xarici İşlər Nazirliyi Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərh yayımlayıb: "Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı", - deyə nazirlikdən bildirilib.

Ermənistana öz hərbi və siyasi dəstəyini göstərən Fransa əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törədib. Təkcə Əlcəzairdə 130 il ərzində yüz minlərlə müsəlmanın qanını töküb. Görünür, bu iki ölkəni elə işğalçılıq, separatçılıq, terrorçuluq kimi xüsusiyyətlər birləşdirir. Bölgəmizə tarixən müdaxilə etmə səyləri kimi, bu cəhdlərin də uğurlu olmayacağı hər kəsə aydındır. Xüsusilə, Fransa bilməlidir ki, Azərbaycan öz daxili məsələlərinə müdaxiləyə icazə verməyəcək. Prezident İlham Əliyevin də dediyi kimi, artıq Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".