Qətiyyətli mövqeyimiz
Siyasət

Qətiyyətli mövqeyimiz

Azərbaycan beynəlxalq münasibətlər müstəvisində fəal aktordur

Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib ölkəyə çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "güclü dövlət" konsepsiyasına nəzər salsaq, görərik ki, bu konsepsiyanın əsasını təşkil edən üç mühüm amil - iqtisadi, siyasi, hərbi gücün vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi lider, müzəffər sərkərdədir.

Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.

Ölkə başçısı qeyd edib ki, ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna ehtiyac var. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir.

Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır. Bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, beynəlxalq hüquq selektiv tətbiq edilir. Uzun illər bu yanaşmaya məruz qalmışıq. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşır, gücdən çəkinirlər.

Şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Azərbaycanın neft-qaz enerji sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan biridir. Bu isə ölkəmizin zəngin neft-qaz sərvəti ilə yanaşı Prezident İlham Əliyevin düşünülmüş müdrik siyasəti ilə üzvi surətdə əlaqədardır. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində neft Azərbaycana həm iqtisadi, həm də çoxsaylı etibarlı dostlar və tərəfdaşlar qazandırmağa uğurla xidmət edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və atdığı addımlar Azərbaycanda neftdən asılı olmayan dövlət büdcəsinin formalaşdırılmasında mühüm amillərdən birinə çevrilmişdir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.

Ölkəmizin 20 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən illər ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır.

Məsələyə bu prizmadan yanaşdıqda deyə bilərik ki, Prezident İlham Əliyevin bütövlükdə həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqeyinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində - coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi, iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.

Mustafa KAMAL,

"Respublika".