QHT-lər ekoloji cinayətlərin qarşısının alınmasını tələb edirlər
Ekologiya

QHT-lər ekoloji cinayətlərin qarşısının alınmasını tələb edirlər

İşğal dövründə Azərbaycan ərazilərindən öz mənfəəti üçün istifadə edən, ekoloji tarazlığı ciddi şəkildə pozan, bu yerlərdən sadəcə narkotik ticarəti və təbii sərvətlərimiz hesabına zənginləşmək məqsədi güdən Ermənistan 30 ilə yaxın müxtəlif ekoloji terror aktları törətmişdir. Qarabağın ekoloji tarazlığına ciddi ziyan dəymiş, kənd təsərrüfatı sistemi tam şəkildə sıradan çıxmışdır. Kimyəvi çirklənmə nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, bu yerlər ekoloji təhdid yaradacaq gölməçələrə çevrilmişdir.

Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilmişdir. Ermənilərin törətdikləri ekoloji terror ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT Konvensiyasının pozulması deməkdir. Bununla yanaşı, Azərbaycan Respublikası tərəfindən 1999-cu ildə ratifikasiya edilən "Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Konvensiyaya (Espo Konvensiyası) zidd əməllər törədilmişdir. Belə ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır. Digər tərəfdən, hələ müharibə bitməmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisi, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə ölkə nümayəndəsi ofisi və BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Nümayəndəliyinin ofisi ilə qurulan dialoqlar zamanı Qarabağ bölgəsinin təbii sərvətlərinə, ətraf mühitinə zərər dəyməsi və s. məsələlər barədə xarici təmsilçilər bir daha məlumatlandırılmışlar.

Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın Qarabağ ərazisində törətdiyi faktiki ekoloji cinayətlərin qarşısını almaq üçün heç bir ciddi tədbirlər görmür, əksinə, buna göz yumurlar. Bununla yanaşı, Ermənistanın dağ-mədən sənayesi, onların doğma torpaqlarımızdakı yeraltı sərvətlərimizi xarici investorlara satarkən baş vermiş ekoloji genosid Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton, 70 milyon ABŞ dolları sərmayə yatırılacaq iri metallurgiya zavodunun inşasının aparılması isə törədilən cinayətlərin davamıdır.

Ölkəmizin sadalanan ekoloji cinayətlərlə mübarizəsində QHT-lərin fəaliyyəti olduqca önəmlidir. Xatırlatmaq yerinə düşər ki, məhz Ermənistanın ekoloji terroruna qarşı haqq səsimizi ucaldan ekofəallarımızın arasında məhz QHT üzvləri də var idi. Ekoloji çirklənmənin qarşısı alınmalı, ümumən regionun bu məsələdə təhlükəsizliyi müdafiə olunmalı və beynəlxalq məkanda ictimai rəy formalaşmalıdır. Bu məqamda da, QHT-lərin məsələyə yanaşması xüsusilə önəmlidir. Qeyri-hökumət təşkilatları da Azərbaycan dövlətinin ekoloji tarazlığın pozulmasına qarşı münasibətini dəstəkləyir və müxtəlif bəyanatlarla çıxış edirlər.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə iyunun 8-də verdiyi bəyanat deyilənlərə əyani misaldır. Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbədir. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Bununla yanaşı, Ermənistandakı ekofəallara da müraciət edən QHT-lərimiz böyük təhlükəyə səbəb olacaq bu prosesi dayandırmaq üçün birgə səy göstərməyə çağırış ediblər.

Ekoloji natarazlıq çərçivəsində Prezident İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirmişdir ki: "İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər. O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik". Ölkə başçımız həmçinin qeyd edir ki, bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar.

İyunun 29-da isə artıq bir sıra fərqli ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayımlayıb. Əlbəttə ki, beynəlxalq fikrin formalaşdırılması baxımından bu bəyanatın olduqca böyük önəmi var. Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan, 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Ermənistan tərəfi sadalanan bütün xəbərdarlıqlara məhəl qoymayaraq bu gün də müxtəlif təxribatlar törədir, dövlət səviyyəsində təbliğ edilən bu cinayət əməllərinin ardı-arası kəsilmir. Qeyd edək ki, iyulun 7-də QHT-lərimiz Cənubi Qafqaz regionunda ekoloji sabitliyin pozulması barədə Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubda deyilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı çox narahatdır. Qeyd edilib ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir, ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Qeyri-hökumət təşkilatları beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edir. Müraciətdə vurğulanıb ki, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub: "Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açasınız, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaradasınız".

QHT-lər Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regiona təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırır və bu cür cinayət əməllərindən əl çəkməyi tələb edir. Azərbaycan dövləti də bütün müsbət addımlara öz dəstəyini bildirir və ölkəmizin haqq səsi bütün platformalarda eşidilir.

Nurlan ABDALOV,

"Respublika".