QİSAS DÖYÜŞ MEYDANINDA ALINDI
Sosial həyat

QİSAS DÖYÜŞ MEYDANINDA ALINDI

Müharibə bəşəriyyətin ən ağır xəstəliyi, soyqırımı isə sağalmayan yarasıdır. Müharibələr ölüm-itim, fəlakət, dağıntı və faciələrlə yadda qalır, yaraları dərin və sağalmaz iz buraxır. Tariximizin elə ağrılı-acılı, qanlı-qadalı səhifələri olub ki, onun dəhşətləri zaman keçdikcə üzə çıxır, yaraları qövr edir. Xocalı faciəsi kimi!

XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb oldu.

Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəf kimi Xocalını seçməsi heç də təsadüfi deyildi, məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Eyni zamanda mənfur düşmən Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq siyasəti həyata keçirirdi. Və beləcə onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixin ən dəhşətli, qanlı səhifələrindən birinin yazılmasına nail oldular.

Qeyd edək ki, Xocalı öz tarixində bir neçə dəfə belə faciə yaşamış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkdi.

Bəli, nəhayət, 28 illik ağrıya son qoyularaq mənfur düşmənin cavabı layiqincə verildi. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 gün ərzində şanlı qələbə qazındı.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb.

Bu faciənin dünyada soyqırımı kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında mübarizəmiz yorulmadan davam edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Xocalı soyqırımı hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır. Artıq 14 ölkənin parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirib. ABŞ-ın 22 ştatında Xocalı soyqırımının tanınması ilə bağlı sənəd qəbul edilib.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin, eləcə də Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Ümummilli lider Heydər Əliyev bu hadisə ilə bağlı demişdir: "Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır".

Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı soyqırımı və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Nurəngiz ADİLQIZI,

"Respublika".