Qurub-yaratmaq həvəsi ilə yaşayan bəxtiyar elimiz
İqtisadiyyat

Qurub-yaratmaq həvəsi ilə yaşayan bəxtiyar elimiz

"Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq". Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə bu fikirləri səsləndirib.

Artıq 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Vəhşi erməni toplumunun 30 il ərzində yer üzündən sildiyi şəhər və kəndlər bu gün müasir standartlara cavab verən texnologiyalar əsasında yenidən qurulur. 44 günlük müharibədə yenilməz ordumuzun rəşadəti sayəsində düşməndən geri alınan torpaqlarımızı tez bir zamanda rahat, müasir yurd yerlərinə çevirmək həm döyüş meydanında, həm də diplomatik müstəvidə qalib gəlmiş güclü, qüdrətli Azərbaycanın qarşısında duran ən vacib məsələlərdəndir. Ölkə başçısının rəhbərliyi ilə mərhələ-mərhələ reallaşan Böyük Qayıdışın izləri 30 il düşmən tapdağı altında inləyən torpaqlarımızın hər qarışında aydın görünür. Uzun illər məcburi köçkün kimi respublikamızın ayrı-ayrı bölgələrində məskunlaşan, el-oba həsrəti ilə yaşayan soydaşlarımız ata-baba ocaqlarına döndükcə 30 illik işğala cəmi 44 gündə son qoyan dövlətimizin iqtisadi gücü, qüdrəti bütün dünyaya səs salır. 3 il öncə müzəffər Azərbaycan ordusunun qəhrəmanlığını, mübarizliyini, cəsurluğunu seyr edən dünya indi xarabalıqları gülüstana çevirən xalqımızın qurub-yaratmaq həvəsinə həsəd aparır.

Artıq Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunur. Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində bu gün həyat qaynayır. Müasir standartlara tam cavab verən, "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan kəndin sakinlərinin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində bu ərazilərdə infrastrukturun bərpası ilə paralel olaraq alternativ enerji mənbələrindən səmərəli istifadə, yaşıl zonaların yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd"lərin qurulması bu konsepsiyanın əsas istiqaməti kimi həyata keçirilir, dağıdılmış ərazilərimiz müasir texnologiyalar əsasında yenidən qurulur. Dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir, doğma yurduna qayıtmış yerli əhalinin yeni şəraitə uyğunlaşması üçün inkişaf layihələri həyata keçirilir. Kənddən şəhərə axının qarşısını almaq, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətləri kəndlərdə təşkil etmək, eyni zamanda insanlara kənddə daha çox gəlir qazanmaq və məşğulluq imkanı yaratmaq, kənd sakinlərinə dövlət xidmətlərindən yararlanmaq şəraitini formalaşdırmaq kimi üstünlüklərə malik olan, ən müasir texnologiyalara əsaslanan "ağıllı kənd" layihəsi beynəlxalq standartlara uyğun yeni inkişaf modelinin tətbiqidir. Böyük Qayıdışa doğru əhəmiyyətli addımların atılmasının, irimiqyaslı layihələrin reallaşdırılmasının nəticəsi olaraq ölkə başçımız qarşıdakı 3 il ərzində işğaldan azad olunmuş ərazilərə 140 minə qədər köçkünün doğma yurd-yuvalarına dönəcəyini bildirib.

Dostu qürurlandırıb, düşməni xar edən böyük quruculuq işləri zəngin potensiala sahib ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə olunması sayəsində ərsəyə gəlir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələr iqtisadi gücümüzü artırmaqla Böyük Qayıdış çərçivəsində görülən işləri daha da intensivləşdirir. Belə ki, ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" müvafiq Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində, əsasən də işğaldan azad olunmuş ərazilərdə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Artıq 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan olunub, bir neçə su elektrik stansiyası inşa edilib. Qeyd edək ki, "yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur.

İşğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası bu yerlərə geri dönən vətəndaşlarımızın rahat və layiqli şəkildə yaşamasına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Belə ki, bu günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bu ilin sonunadək təqribən 5500 sakinin Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif yaşayış məntəqələrinə qayıdacağını bildirib. Komitə sədri düşmən əsarətindən azad olunmuş ərazilərə Böyük Qayıdış konsepsiyası çərçivəsində 2026-cı ilədək bərpa edilməsi planlaşdırılan 100 yaşayış məntəqəsindən təqribən 80-nin baş planının ilin sonuna qədər yekunlaşdırılacağını da qeyd edib.

Azadlığına qovuşan yurd yerlərimizdə tarixiliklə müasirliyin vəhdətində həyata keçirilən bərpa-quruculuq işləri ermənilərin törətdikləri dağıntıların, vandallığın izlərini silir. Genişmiqyaslı layihələrin reallaşdırılması, əhalinin davamlı şəkildə yurd yerlərinə köçürülməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf etmiş bölgəyə çevrilməsinə şərait yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".