Regional əməkdaşlığa növbəti töhfə
İqtisadiyyat

Regional əməkdaşlığa növbəti töhfə

Azərbaycanın qlobal aləmdəki nüfuzu getdikcə artmağa davam edir. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etməsi bunu bir daha təsdiqləyir. Bu günlərdə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans keçirildi. Bir neçə gün bundan öncə isə ölkəmizdə daha bir regional əhəmiyyətli tədbir - BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) keçirildi. Tədbirdən sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü reallaşdı.

1998-ci il martın 26-da Özbəkistanın paytaxtında  Daşkənd Bəyannaməsi ilə təsis edilən SPECA bu gün böyük nüfuz qazanıb. Proqramın sənədi Mərkəzi Asiya ölkələrinin prezidentləri, BMT-nin Avropa İqtisadi (UNECE) Komissiyası və Asiya və Sakit Okean İqtisadi Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanıb. SPECA-nın təsisatında əsas məqsəd iştirakçı ölkələrin iqtisadi inkişafı ilə yanaşı, onların Avropa və Asiya iqtisadiyyatlarına inteqrasiyasını təmin etməkdir. Hazırda proqrama Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan respublikaları daxildir.

Azərbaycanın SPECA həftəsinə evsahibliyi etməsi respublikamızın beynəlxalq aləmdəki əhəmiyyətinin artmasına mühüm töhfə oldu. Qeyd edək ki, görüş çərçivəsində Cənubi Qafqazın tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsallaşma, ticarət və nəqliyyatın inkişafı, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm rolu müzakirə edildi. Sözügedən tədbir, eyni zamanda Bakı ilə Mərkəzi Asiya dövlətlərinin vahid geosiyasi, iqtisadi və mədəni məkana çevrilməsi prosesinin daha da genişləndirdiyini təsdiqlədi. Ölkə başçımızın Zirvə görüşündəki çıxışı zamanı söylədiyi fikirlər də bunu bir daha ifadə etdi: "SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur".

Respublikamızı Mərkəzi Asiya ölkələri ilə bir-birinə tarixi, mədəni, iqtisadi əlaqələr sıx bağlayır. Bu əlaqələr SSRİ dövründə də mövcud idi. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə bir sıra ortaq layihələrdə də iştirak edib. Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) bu layihələr sırasındadır. Layihənin sənədi 1993-cü ilin mayında Brüsseldə keçirilən konfrans zamanı qəbul olunub. Dəhliz Mərkəzi Asiyanı dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən sürətli, ucuz marşrut kimi qiymətləndirilir.

Xatırladaq ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri Türk Dövlətləri Təşkilatı kimi formatlarda da birgə iştirak edir. Tarixə nəzər yetirsək görərik ki, uzun illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında bölücü rol oynayan Xəzər dənizi indi Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq, iqtisadi-ticarət körpüsünə çevrilib. SPECA-da iştirak edən ölkələr siyasi sabitliyin regional əməkdaşlıq üçün əlverişli şəraitin yaranması üçün birgə fəaliyyət göstərirlər. Regionda sabitliyin qorunması istiqamətində atılan addımlar SPECA-ya olan marağı daha da artırır.

Sovet İttifaqının süqutundan sonra SPECA ölkələri çox uzun və çətin yollardan keçib. Bütün çətinliklərə baxmayaraq, onlar beynəlxalq siyasi arenada özlərini təsdiqləyiblər. SPECA bu perspektivdə həmin ölkələrin potensial imkanlarından daha səmərəli istifadə etməyə imkan verir. Ehtimal olunur ki, Gürcüstan da yaxın gələcəkdə bu proqrama qoşula bilər.

Sonda isə deyə bilərik ki, ölkəmizin regional əməkdaşlığa, sülhə və antikolonializmə dair tədbirlərə evsahibliyi etməsi Azərbaycanın qlobal proseslərdəki rolunu artırır. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar Cənubi Qafqazda barışa, sabitliyə və əməkdaşlığın rifahına xidmət edir.

Nəzrin ELDARQIZI,

"Respublika".