Rafael Hüseynov:
Digər xəbərlər

Rafael Hüseynov: "Havadar"ları erməni xalqını bədbəxtliyə sürükləyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası qrup iclasları ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri aidiyyəti qrup iclaslarında iştirak edirlər.

Avropa Naminə Liberal-Demokratiya qrupunun üzvü Rafael Hüseynov iclasda çıxış edərək, 30 ildən çox davam etmiş Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan işğal edilmiş torpaqlarının azadlığına nail olub və indi artıq dinc yolla son mərhələ icra edilir. Yaxın zamanlarda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq, bir sıra dövlətlərarası münasibətlər vasitəçilərin iştirakı olmadan birbaşa əlaqələrlə yerinə yetiriləcək.

"Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşündə açıq şəkildə bəyan etdi ki, kənar dövlət və ya beynəlxalq qurumun müdaxiləsi olmadan Ermənistanla Gürcüstanda təşkil edilə biləcək birbaşa dialoqa hazırdır. Prezident əlavə etdi ki, bu danışıqlar birbaşa Azərbaycanla Ermənistan arasında və ya üçtərəfli - Gürcüstanın da iştirakı ilə keçirilə bilər", - deyə Milli Məclisin deputatı qeyd edib. Diqqətə çatdırıb ki, bu gün sönmüş ocağı yenidən alovlandırmaq kimi səmərəsiz cəhdlər etmək təşəbbüsündə olanlar 1980-ci illərin sonlarında erməni xalqını bu fəlakətə düçar edənlərlə eyni məsuliyyəti daşıyırlar. İndi belə cəhdləri edənlərin də arxasında elə 30 il əvvəl bu münaqişəni qızışdıranlar dayanır. Erməni xalqına guya havadarlıq etmək istəyənlər muzdla, eləcə də başqa vasitələrlə idarə olunurlar. Onlar erməni xalqına, eləcə də Azərbaycana qarşı o vaxt da, indi də düşmən mövqedə dayanıblar. Çünki 30 ildən artıq sürən və minlərlə insanın həyatına son qoyan, taleyini şikəst edən, dəhşətli dərəcədə genişmiqyaslı dağıntılara gətirib çıxaran bu münaqişədə itirən yalnız Azərbaycan və Ermənistan olub. Odur ki, bütün bu fitnəkarlığı törədənlərin, bu gün də eyni niyyətlərlə yaşayanların ən dəqiq adı düşməndir, ilk növbədə, erməni xalqına qarşı düşmən.

R.Hüseynov bildirib ki, yenidən köhnə oyunlara qatılmaq fikrinə düşən, başqaları tərəfindən idarə olunan, təfəkkürlərinə virus düşmüş kəslər mütləq məruz qalacaqları labüd bəlalar və cəzalardan canlarını qurtarmaq üçün özlərini indidən format etməli, kənara çəkilməlidirlər. Belələrinə qarşı artıq böyük siyasətin antivirus proqramı işləməkdədir. Onlar başlarına çarə qılmalıdırlar.

"Azərbaycan sentyabrda öz ərazisində antiterror tədbirləri görüb, qanunsuz silahlı birləşmələri zərərsizləşdirib. Bu əsnada mülki əhalinin təhlükələrdən kənarda qalması üçün bütün tədbirlər həyata keçirilib. Bunu Ermənistanın baş naziri də açıqca bəyan edib. Ölkənin rəhbəri Ermənistan dövlətinin mövqeyini əks etdirən və həqiqətin özü olan belə fikirlər söyləyir. Bəzi araqarışdıranlar, tör-töküntülərindən burada da olanlar isə vəziyyəti başqa cür təqdim etməyə çalışırlar. Belələri ermənilərin, azərbaycanlıların, eləcə də həqiqətin düşmənidirlər.

Bir çoxları təəccüblənir ki, niyə Azərbaycan Qarabağ ermənilərinə birgəyaşayışla bağlı bütün zəmanətləri vəd etdiyi halda onlar Xankəndini belə axınla tərk edirlər. Səbəb sadədir: onlar 30 ildən artıq qondarma rejim və həmin rejimi təsiri altında saxlayan qüvvələrin girovu idilər. Onlar o yerləri çoxdan tərk edər, ermənilərin daha çox üz tutduqları Rusiya və ya Avropa ölkələrində yerləşərdilər. Onlara oradan çıxmağa imkan vermirdilər. Onlar Xankəndi boyda həbsxananın dustağı idilər. İndi onlar azadlığa çıxan məhbuslar kimidir. Bu gün söylədiklərimi hər kəsin bir il sonra real həyatla tutuşdurub yoxlamaq imkanı olacaq. Heç bir il çəkməyəcək, şahidi olacağıq ki, dırnaqarası rejimin, xuntanın əlindən qurtulub indi oraları tərk edən ermənilərin bir çoxu artıq Azərbaycanın idarəçiliyində olan həmin yerlərə məmnuniyyətlə qayıdacaq, azərbaycanlılarla birgə əmin-aman yaşamağa başlayacaqlar", - deyə R.Hüseynov qeyd edib.