Regional və qlobal məkanda örnək qardaşlıq nümunəsi
Siyasət

Regional və qlobal məkanda örnək qardaşlıq nümunəsi

Azərbaycan ilə Türkiyə arasında münasibətlər 2021-ci ildə imzalanan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsindən sonra yeni bir mərhələyə yüksəldi. Qardaş ölkələr bir çox sahədə artıq vahid hərəkət mexanizminə sahibdirlər. Şübhəsiz ki, bu çərçivədə türk dünyasının iki təmsilçisi güc birliyini konkret layihələrlə daha da möhkəmləndirir.

Fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında bir çox regional və qlobal məsələlərə toxunuldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə tandeminin nə qədər önəmli olduğunu anladı. Bu gün Türkiyənin uğuru Azərbaycanı, ölkəmizin uğuru da Qardaş dövləti sevindirir. Xüsusilə Avrasiya regionunda açar rolunu oynayan bu iki ölkə üçün gələcək perspektivdə daha çox uğurlar görünür.

Çıxışlar zamanı qeyd edilən məqamlardan biri də hərbi qüvvələrin uğurları barəsində idi. Silahlı Qüvvələrimizin Türk ordu modelinə keçidi əslində regional və qlobal səviyyədə güc birliyinin ən uğurlu nümunəsidir. Bu model iki ordunun təhlükələrə və müasir təhdidlərə qarşı birgə hərəkətə keçməsini təmin edir. Bununla yanaşı, regionda Qarabağ Zəfərindən sonra yaranan yeni reallıqların təminatı üçün olduqca önəmlidir. Qələbədən sonra Xüsusi Təyinatlıların sayının artırılması, Komando birliklərinin yaradılması bunun bariz nümunəsidir. Bu məqsədlə, xüsusilə son dövrlərdə iki ölkə arasında 10-dan çox birgə təlimlər keçirildi. Qeyd etmək lazımdır ki, əldə edilən uğurlar döyüş hazırlıqlarının bəhrəsidir. Ötən il 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri isə Türk ordu modelinin yeni bir uğuru oldu. Eyni zamanda Azərbaycan ordusunun hərbi təhsil sistemi də Türk ordu modelinə uyğunlaşdırılır. 2023-cü ildə Prezident İlham Əliyev "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzaladı və Azərbaycanda xüsusi təyinatlı dəstələrin yetişdirilməsi məqsədilə Bakı, Gəncə və Naxçıvanda üç kollec yaradıldı. Bu prosesdə Türk hərbi modeli əsas yer tutur.

Müdafiə sənayesi sahəsində isə əməkdaşlığımız məhz 2010-cu ildən start götürmüşdür. Qarabağ zəfərindən sonra isə proses daha da sürətləndi. Ötən ilin iyul ayında əldə edilmiş razılaşmaya əsasən Türk şirkəti TUSAŞ tərəfindən hazırlanan Milli Döyüş Təyyarələri (MMU) KAAN Layihəsi üçün Azərbaycanla mühəndislik əməkdaşlığı olacaq. Azərbaycanda TUSAŞ təlim keçmiş mühəndislər hazırlayacaq. Xüsusi vurğulamaq lazımdır ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldu və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izlədilər. Müdafiə naziri və Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər.

Regional və beynəlxalq çərçivədə də bir çox məsələlərə toxunan dövlət başçıları yeni dünya düzənində formalaşan geosiyasi proseslərin fonunda örnək əlaqələr formalaşdırdıqlarını bir daha təsdiqlədilər. Birgə bəyanatlarla çıxış zamanı ölkə başçımız tərəfindən Şimali Kipr Türk Respublikasına Azərbaycanın dəstəyi də qeyd edildi. Belə ki, Azərbaycan ŞKTR-nı hər zaman dəstəkləmişdir. İstər ərazilərimizin 30 illik işğalı dövründə, istərsə də günümüzdə bu dəyişməyib. Qeyd edək ki, ŞKTR-in Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasına Azərbaycan dəstək vermişdir. Bununla yanaşı, ötən il oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Bakıda görüşü baş tutdu. ŞKTR Prezidenti Ersin Tatarın Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə cənab Prezident İlham Əliyev tərəfindən dəvət edilməsi Türkiyədə və ŞKTR-da olduqca müsbət qarşılandı.

Xatırladaq ki, ŞKTR-ə Azərbaycanın dəstəyi onun beynəlxalq səviyyədə tanınması üçün atılan vacib addımdır. Əlbəttə, bu eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərində birgə mövqeyin ortaya qoyulması deməkdir ki, bu da regional və qlobal səviyyədə bir daha iki dövlətin qardaşlıq əlaqələrini təsdiq edir.                                            

Cavid VƏLİYEV,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin

şöbə müdiri.