Regionun inkişafına təkan verəcək müasir aeroport
İqtisadiyyat

Regionun inkişafına təkan verəcək müasir aeroport

Vətən müharibəsini böyük qələbə ilə başa vuran Azərbaycan 44 gündə düşməni torpaqlarımızdan qovdu, həmin ərazilərdə tez bir vaxtda bərpa-yenidənqurma işlərinə başladı.

Qarabağın giriş qapısı sayılan Füzuli İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuzun qəhrəmanlığı hesabına erməni işğalçılarından təmizlənən rayonlarımızdandır. Müharibə bitdikdən 2 ay sonra - 2021-ci il yanvarın 14-də həmin bölgəyə səfər edən Prezident İlham Əliyev Qarabağ regionunun inkişafına böyük təkan verəcək bir layihənin təməlini qoymuşdur. Bu, Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanı idi. Dövlət başçısı eyni zamanda Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində də iştirak etmişdir.

2021-ci il oktyabrın 26-da Füzuli Hava Dimanının açılış mərasimi oldu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi. Füzuli aeroportu ən müasir səviyyədə tikilib istifadəyə verilmişdir. Belə ki, hava limanı istənilən növ hava gəmisini qəbul edə bilir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb. Qarabağ iqtisadi rayonunda müasir standartlara cavab verən beynəlxalq hava limanının belə qısa müddətdə ərsəyə gəlməsi  dövlətimizin qüdrətinin və gücünün inkişafından xəbər verir.

Tam iqtisadi müstəqilliyə nail olan ölkəmizdə bütün sahələrdə dayanıqlılıq və artım müşahidə olunmaqdadır. Hava nəqliyyatı sektorunda da irəliləyiş əldə edən respublikamız illik 500 min ton yük dövriyyəsi ilə regionun lider dövlətinə çevrilib. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onun da ikisi işğaldan azad olunmuş ərazilərdə - Füzuli və Zəngilanda inşa edilib. Doqquzuncu hava limanının istifadəsi isə Laçında nəzərdə tutulub və bunun da tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Təməli 2021-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsində ən hündürdə yerləşən aeroportu olacaq. Laçın rayonunun Qorçu kəndində yerləşən hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstəriləcək. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Azərbaycanın hava nəqliyyatı məkanına evsahibliyi edən digər rayonumuz qeyd olunduğu kimi Zəngilandır. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Zəngilan Beynəlxalq Hava Limanı Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə Füzuli Hava Limanından sonra istifadəyə verilən ikinci beynəlxalq statuslu aeroportdur. Xatırladaq ki, 2022-ci il oktyabrın 20-də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmişdilər. Müasir standartlara cavab verən bu aeroportun asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr təşkil edir. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsi üçün məqbul sayılır və beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmə qabilliyətinə malikdir. Bundan başqa, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və "Eurocontrol"un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.

Musa BAĞIRLI,

"Respublika".