Rifaha, tərəqqiyə, uğurlara əsaslanan parlaq qələbələr
Siyasət

Rifaha, tərəqqiyə, uğurlara əsaslanan parlaq qələbələr

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixində dərin iz qoymuş nailiyyətlərlə zəngindir

Xalqımız ona görə xoşbəxtdir ki, müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyev kimi dühası, onun siyasi kursunu layiqincə davam etdirərək arzularını həyata keçirən İlham Əliyev kimi lideri var. Müasir müstəqil Azərbaycan məhz bu müdrik şəxsiyyətlərin sayəsində bütün çətinliklərdən, sınaqlardan mətanətlə çıxdı.

"Gün olsun bayrağımız Qarabağda dalğalansın" arzusunu reallığa çevirən, tarixdə ilk dəfə xalqımıza Zəfər sevincini yaşadan, millətinin, ölkəsinin gələcəyi üçün var gücü ilə çalışan, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaq missiyasını ləyaqətlə yerinə yetirən müdrik siyasətçi, səriştəli dövlət başçısı İlham Əliyev dünyada ən islahatçı prezident, sözünə, vədinə sadiq, qurucu, humanist, xalqının bütün istək və arzularını həyata keçirən, dünya dövlətləri arasında ölkəmizin nüfuzunu artıran lider və Müzəffər Ali Baş Komandan kimi tanınır. Vətəndaş mövqeyi, sosial rifah dövlət başçımızın həyata keçirdiyi uzaqgörən siyasətin mərkəzində dayanır. Ölkə iqtisadiyyatı möhkəmləndikcə bütün sahələrdə, ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sferasında yeni nailiyyətlər əldə olunur.

Son 20 ildə Prezident İlham Əliyevin qətiyyətli, gələcəyə hədəflənmiş siyasəti sayəsində Azərbaycan qüdrətli dövlət kimi tanınır. Ölkə başçısı respublikamıza rəhbərliyə gələrkən torpaqlarımızın işğalına son qoyulmasını, bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanmasını, dövlətimizin suverenliyinin bərpa edilməsini ən ali məqsəd kimi qarşıya qoymuş və bu missiyanı yerinə yetirməklə son iki yüz illik tariximizin ən şanlı səhifələrini yazmışdır. Odur ki, Prezident İlham Əliyev təkcə ölkəmizdə deyil, bütün dünyada qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuza sahibdir. Respublikamızın həyatında bütün sahələrə hərtərəfli dövlət dəstəyini təmin edən, vətəndaşların sosial mənafeyinin qorunması, əmək münasibətlərinin nizamlanması, cəmiyyətdə ictimai həmrəyliyin möhkəmləndirilməsinə müvəffəq olan ölkə başçısı 20 illik prezidentliyi dövründə müstəqil Azərbaycanı rifaha, tərəqqiyə, uğurlara söykənən parlaq qələbələr zirvəsinə yüksəltmişdir.

Ötən dövrdə Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin, uğurlu siyasətinin nəticəsində ölkəmiz çox qısa zamanda siyasi-iqtisadi cəhətdən güclənərək dünyanın sayılıb-seçilən ölkələrindən biri, Cənubi Qafqazın lider dövləti oldu. Azərbaycan nəhəng enerji layihələrinin gerçəkləşdirildiyi ünvan, qlobal nəqliyyat qovşağı, eyni zamanda dünyada etibarlı tərəfdaş, güvənilən ölkə kimi qəbul edilir. Dövlət başçısının gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını sürətləndirən, iqtisadiyyatın dayanıqlılığını təmin edən, cəmiyyətin hər bir üzvünün rifahına yönələn, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən siyasəti nəticəsində bu gün müasir, suveren, bütöv və yeni Azərbaycan qurulub. Ulu Öndərin "Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamı reallaşıb.

20 il ərzində ölkəmizdə milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası, müasir qlobal çağırışların tələbləri əsasında qurulması istiqamətində mühüm işlər görüldü. Cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsi, bu müqəddəs peşəyə marağın artırılması, təhsil sahəsinin strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi siyasi-iqtisadi, sosial və mədəni inkişafın aparıcı qüvvəsinə çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən edildi. Bu sahədə atılan uğurlu addımlar sayəsində istedadlı, o cümlədən vətənpərvər gənclər yetişdi. Elə Vətən müharibəsində ən son sözü də bu gənclər dedi.

Eyni zamanda ordu quruculuğu istiqamətində mühüm islahatlar aparıldı, ordunun maddi-texniki bazası gücləndirildi, kadr potensialı təkmilləşdirildi. Bütün dünya, eləcə də mənfur düşmən ən müasir silahlarla silahlandırılmış Azərbaycan Ordusunun, vətənpərvər övladlarının nəyə qadir olduğuna hələ İkinci Qarabağ müharibəsindən əvvəl Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə, eləcə də Günnüt əməliyyatı zamanı şahidlik etdi. Bu parlaq qələbələr Azərbaycan xalqının illərdən bəri qəlbində yaşatdığı yurd yerlərinə qayıdışa inamını dirçəltdi.

Böyük ruh yüksəkliyi ilə 44 günlük müharibədə Vətənin müdafiəsinə qalxan mərd oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdilər. 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuz "dəmir yumruğ"a dönərək cəmi 44 gün ərzində düşməni qarşısında diz çökdürdü və noyabrın 8-də Azərbaycana Şuşa zəfəri yaşatdı. Dövlət başçısının mükəmməl strategiyası, siyasi, hərbi manevrləri təcavüzkar Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur etdi, Ağdam, Kəlbəcər və Laçını hərbi əməliyyatlarsız geri almağımıza imkan yaratdı. Uzaqgörən liderin hərbi-siyasi bacarığı qələbənin qazanılmasında, Azərbaycan torpaqlarının tam azad olunmasında mühüm rol oynadı, illər öncə verilən söz, vəd yerinə yetirildi.

Vətən müharibəsindən ötən üç il müddətində milli maraqlarımızın təmini istiqamətində ard-arda qələbələr qazanan dövlət başçımız növbəti tarixi missiyasını 2023-cü il aprelin 23-də həyata keçirdi. Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə bütün sərhədlərimizdə bayrağımız dalğalandırıldı. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda suverenliyimiz tam bərpa edildi. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı əbədi dalğalandıraraq xalqımıza bütöv Azərbaycanın qürurunu yaşatdı.

44 günlük müharibədən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verən dövlət başçımız tarixi ərazilərimizdə qədim kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin təməllərini qoydu. İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə ilk mobil infrastruktur quruldu, radio və televiziya yayımı məqsədilə Şuşa Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edildi, mövcud müəssisə və yaşayış binaları optik telekommunikasiya xidmətləri ilə təmin olundu. Bu gün işğaldan azad olunan torpaqlarda infrastruktur yenilənir, yeni tədris müəssisələri tikilir, yaşayış binaları yerli əhalinin istifadəsinə verilir. Zəfərdən iki il sonra - 2022-ci il iyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin timsalında Azərbaycan xalqı illərlə yurd həsrəti çəkən insanlarımızın qayıdış sevincinə şərik oldu. Daha sonra Tərtərin Talış kəndinə, Suqovuşan qəsəbəsinə, Laçın şəhərinə, Zabux kəndinə, Füzuli şəhərinə köç karvanları yola salındı və bu qayıdış mərhələli şəkildə uğurla davam etdirilir.

Bütün bu qələbələrin əsasında 2003-cü ildə xalqımızın öz taleyi ilə bağlı düzgün qərar verməsi dayanır. 1993-cü ildə təkidlə ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirərək xilas, qurtuluş yoluna qədəm qoymuş xalqımız, düz 10 il sonra ulu öndərin siyasi varisi İlham Əliyevi özünün dövlət başçısı seçərək Azərbaycanı bütövləşdirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".