Sağlam bədən, sağlam ruh naminə
Sosial həyat

Sağlam bədən, sağlam ruh naminə

Sağlamlıq insanın özündən asılı olduğu qədər, dövlətin səhiyyə sistemi də burada mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə demək olar ki, bütün xəstəliklər müalicə oluna və diaqnostikası rahatlıqla aparıla bilir. Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıqlar ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır.

Yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün səhiyyəmizin əsas inkişaf istiqamətlərindəndir. Bütün bunlarla yanaşı, ölkəmiz icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir. Respublikamızda icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib. Azərbaycan sərhədləri daxilində rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.

Artıq bir neçə ildir ki, respublikamızda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il təqribən dörd milyondan çox insan bu xidmətdən istifadə edir. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. Əhalinin daha yaxşı xidmət alması üçün yeni xəstəxanalar tikilir və ya mövcud olan binalarda əsaslı təmir işləri aparılır. Son 5 ildə Abşeron, Salyan, Quba da daxil olmaqla bir çox bölgələrimizdə bunu müşahidə edə bilərik. Bu gün Azərbaycanın səhiyyə müəssisələri dünyanın aparıcı klinikaları ilə ayaqlaşır. Xəstəxanalar dünya standartlarına uyğunlaşdırılır. Yeni tikilən, təmir və bərpaolunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələrindən yeni müayinə cihazları gətirilir. Hazırda işğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prosesi davam edir. Ölkə başçımız təkcə ötən il Zəngilan, Qubadlı Mərkəzi Xəstəxana binalarının təməlini qoyub. Bununla yanaşı, iyulun 21-də Prezident İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlarla təchiz olunacaq. Bununla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq. Bu ilin mart ayında isə Laçın rayonu Zabux kəndində ilk tibb məntəqəsinin açılışı olub.

Bütün dünya koronavirus infeksiyasına qarşı mübarizə aparan zaman ölkəmizdə də bu gözəgörünməz bəlanın yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində mühüm işlər görüldü. 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutdu. Bu zaman "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi. Pandemiya vaxtı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Prezident İlham Əliyevin prosesdəki fəaliyyətini yüksək qiymətləndirdi, koronavirusa qarşı mübarizədə Azərbaycanın təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olundu. Bundan başqa, 2021-ci il aprelin 1-də ÜST-ün baş direktorunun təşəbbüsü ilə İlham Əliyevlə Tedros Adhanom Gebreyesusun videokonfrans formatında görüşü keçirildi. Konfransda Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon ABŞ dolları dəyərində etdiyi yardımı alqışlayaraq ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu bildirdi. Qeyd edək ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə başlayan ölkə məhz Azərbaycan idi. Bununla yanaşı, dövlətimiz pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar da hökumətimizin pandemiya ilə mübarizəsini yüksək qiymətləndirdi.

Qeyd edək ki, 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan ÜST-ün fəaliyyətə başlaması ilə həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunub. Dünya birliyi üçün önəm kəsb edən sağlamlıq prioritetlər sırasındadır. Ümumdünya Sağlamlıq Gününün məqsədi səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılmasıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".