Samid İmanov
Sosial həyat

Samid İmanov

Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabr günündə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə bitirmişdir. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan Samid 2003-cü ildə fərqlənmə diplomu ilə bitirir və ulu öndər tərəfindən mükafata layiq görülür.

Samid 2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Gənc zabit özünü peşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatılır. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı, Samid İmanov həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak edir.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçir və əməliyyat aparır. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilir.

Samid İmanov bir müddət müdafiə naziri, general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıdır, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra edir. Samid 2015-ci il mayın 9-da Rusiya Federasiyasının Moskva şəhərində, Qırmızı meydanda faşizm üzərində qələbənin (1941-1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qatılır. Bununla bağlı ona medal da təqdim olunur.

Samid 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatılır. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə üz-üzə durur. Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alır. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid buna qəti surətdə etiraz edir və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edir. Samid əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşır və əlində qumbara saxlayır. Səhərə qədər əsgərlər onu tapmadığı üçün mayor Samid İmanov güclü qanaxma nəticəsində qəhrəmancasına şəhid olur. Ən çətin anda belə döyüş yoldaşlarını canından əziz tutan Samidin nəşi aprelin 8-də neytral ərazidən götürülür və doğma Neftçala rayonuna aparılır. Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhər Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınır.

Milli Qəhrəmanın atası Gülağa İmanov deyir ki, Samid haqqında söz düşəndə, onun xatirələri dilə gətiriləndə qürur hissi keçirir. Amma nə qədər qürurlansa da, oğul itkisi hər ata üçün əzabdı. Bircə təsəllisi oğlunun Vətən uğrunda şəhid olması və Samidin övladlarıdır: "Samidin ölümü bir qəhrəmanlıq salnaməsi oldu. O, son anında da Vətənini, onun şərəfini düşündü. Ağır yaralansa da, düşmənə əyilmədi. Hərbçi yoldaşlarını xilas etdi… Atasının, ailəsinin və dövlətinin başını uca etdi. Bu gün dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Balamın adına məktəb var, küçə var. Samidi unutdurmayanlar var olsun!".

Anası Xuraman İmanova: "Oğlumu doyunca görə bilmədim. Uşaqlıq illərindən hərbi xidmətə böyük maraq göstərirdi. Sonuncu dəfə onu ad günümdə gördüm. Başını dizimin üstünə qoydu, onun saçlarını oxşadım, ətrini içimə çəkdim. Sən demə, balamı sonuncu dəfə əzizləyirəmmiş. Heç doymadım Samidimdən. Martın 27-si səhər saat 6-da çıxdı evdən. Gecə saat 11 idi, zəng vurdu ki, "ana, yemək hazırlayın gəlirəm". 28-i də səhər-səhər çıxdı işə getdi. Heç qucaqlaşıb öpüşmədik də... Hər gün yola saldığımız kimi yola saldım. Pilləkənləri enəndə bir dəfə dönüb baxdı. O baxışı qaldı yadımda. Pilləkənləri enəndə dönüb baxmağını unuda bilmirəm. Cəsur oğul böyütdüm, gözümü yaşlı qoydu...".

Milli Qəhrəmanın qardaşı Sadiq İmanov isə Samidin ölümündən sonra onun haqqında danışmağın çətin olduğunu deyir: "Samid məndən 5 yaş böyük idi. Hərdən şəhərə gəzməyə çıxanda mütləq Şəhidlər Xiyabanına gedirdik. Burada onun dostları uyuyurdu. Mən uzun illər Rusiyada yaşadığımdan onu az-az görə bilirdim. Aprel döyüşlərinin başlanması xəbərini Tümendə olanda eşitdim. Tez-tez Samidlə əlaqə saxlayırdım. Sonra onunla əlaqəm kəsildi. Aprelin 6-na bilet alıb ölkəmizə qayıtdım. Sonra olanları eşitmək və görmək çox acı oldu bizim üçün... İndi hamı qardaşımın igidliyindən, şücaətindən danışır. Mən qəhrəman qardaşımla fəxr edirəm".

Prezident İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Fidan adlı qızı və Turan adlı oğlu Vətənə əmanətdir. Neftçala şəhərində küçələrdən biri və orta təhsil aldığı şəhər 1 saylı məktəb Samid İmanovun adını daşıyır. "Samidə məktub" sənədli filmi Milli Qəhrəmanımıza həsr olunub.

Müşfiq MİRZƏ,

"Respublika".