Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsinin sədri Ravil Pançeyevdən
Məktublar

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsinin sədri Ravil Pançeyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsi Sizə öz ehtiramını ifadə edir və Zati-alinizə firavanlıq, Uca Yaradanın mərhəmətini arzulamaq şərəfini duyur.

Bu il mayın 10-da bütün dünyada ehtiram və nüfuz qazanmış görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Ruhani idarəsi Sizin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi barədə Sərəncamınızı ürəkdən dəstəkləyir. Azərbaycan Respublikasında və Rusiya Federasiyasında bu əlamətdar tarixə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.

Heydər Əliyevin Azərbaycan Respublikası və ümumilikdə keçmiş Sovet İttifaqının tarixində misilsiz xidmətləri olub. Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş yeganə azərbaycanlıdır.

O, 1980-ci illərdə beş il müddətinə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. Bu dahi şəxsiyyət Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın bünövrəsini qoyub, dövlətlərimizin və xalqlarımızın dostluğunun, qarşılıqlı anlaşmasının möhkəmlənməsinə böyük şəxsi töhfə verib.

Heydər Əliyevin qarşısında miqyasına görə misilsiz vəzifə dururdu. Onun titanik fəaliyyətinin nəticəsində Azərbaycanın sənayesi kökündən dəyişdi, bütün infrastruktur yeniləndi və iqtisadiyyatda islahatlar, modernləşmə həyata keçirildi, respublikanın qədim paytaxtı intibah dövrünü yaşadı.

Heydər Əliyevin dinə, milli-əxlaqi dəyərlərə hörməti onun əməllərində əksini tapır, bütün dünya müsəlmanlarının xatirəsində yaşayır. Heydər Əliyev Sankt-Peterburqa səfərləri zamanı həmişə bu şəhərdəki Sobor məscidinin fəxri qonağı olurdu. Rusiyanın Sankt-Peterburq və Şimal-Qərb regionunun müsəlmanları onun şəxsiyyətini qəlblərində gözəl hisslərlə xatırlayırlar.

Sankt-Peterburqda Heydər Əliyevlə bağlı çoxlu xatirə məkanları var. Şəhərin Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ DTN-in ali məktəbinin yerləşdiyi mərkəzi küçələrindən birində görkəmli siyasət və dövlət xadimi, Ulu Öndərin şərəfinə xatirə lövhəsi qoyulub. Rusiya Federasiyasının mədəniyyət paytaxtının sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa hədiyyəsini – dahi Azərbaycan şairi Nizami Gəncəvinin gözəl abidəsini xatırlayırlar.

Sevindirici haldır ki, Siz bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirirsiniz. Siz həmişə ölkədə insan hüquqları və azadlıqlarının təmin edilməsinə, dini-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirirsiniz.

Ruhani idarəsi fürsətdən istifadə edərək Sizə öz dərin ehtiramını bildirir və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dini, iqtisadi, sosial, siyasi və digər sahələrdə səmərəli əməkdaşlığın davamlı inkişafını arzulayır.

Dərin hörmətlə,

Müfti Ravil Pançeyev

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu

Müsəlmanlarının Ruhani İdarəsinin sədri