Seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini nümayiş etdirəcək
Siyasət

Seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini nümayiş etdirəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə qərar verilib. Bu tarixi qərarın Azərbaycan üçün əhəmiyyəti olduqca böyükdür. İlk dəfə olaraq ölkəmizin bütün suveren ərazilərində - şəhər və rayonlarda seçki məntəqələri qurulur. Mövcud reallığa əsasən Azərbaycanın yeni hədəflərinin müəyyənləşməsi fonunda keçiriləcək bu seçkilər ölkəmizin demokratik dəyərlərə sadiqliyini nümayiş etdirəcək. Qeyd etmək lazımdır ki, növbədənkənar prezident seçkiləri davamlı inkişaf və tərəqqinin, möhkəm təməlin bəhrəsi, ərazi bütövlüyümüzün və suverenliyimizin, bərpaolunan tarixi ədalətin təsdiqidir.

Fevralda keçiriləcək "Zəfər seçkisi" üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə şərəflə dalğalandığı bir vaxtda baş tutacaq. 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış soydaşlarımız nəhayət,  öz yurd-yuvalarından bu prosesə qoşulacaqlar.

Geosiyasi proseslərin gərgin olduğu bir dövrdə Zəfər qazanan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən qüdrətli Azərbaycan dövlətinin vətəndaşları 7 fevral tarixində fəxr və qürur hissi ilə birlik nümayiş etdirəcəklər. Bu bütün tariximizin ən ali seçimi olacaq.

Yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistanın hərbi-siyasi müstəvidə dəstəklənməsinin, silahlandırılmasının həyata keçirildiyi, qlobal güclərin anti-Azərbaycan mövqeyi sərgilədiyi zaman kəsiyində Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatiyası bu qələbəni bizə bəxş etdi. Zəfərimiz Azərbaycanın artan nüfuzuna təkan verdi. Lider ölkə statusu qazanan ölkəmiz hərbi, diplomatik, iqtisadi sahədə böyük uğurlar qazandı. Cənab Prezident uzun illər çoxüzlü yanaşma sərgiləyən "vasitəçilərin" edə bilmədiklərini və yaxud etmək istəmədiklərini reallığa çevirdi. Azərbaycan xalqına verilən bütün vədlər qətiyyətlə yerinə yetirildi.

Dünyaya nümunə olan hüquqi dövlət quruculuğunda mühüm addımlar atıldı. Bu baxımdan, növbədənkənar seçkilərin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi, siyasi partiya üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonrakı dövrə təsadüf etməsi olduqca önəmlidir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara tam demokratik mühit yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan  vətəndaşlarımız da iştirak edə biləcəklər. Artıq seçkilər ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bununla yanaşı, ölkə daxilində də bu proses davam etməkdədir.  Xatırladaq ki, yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması prosesi artıq başa çatıb və seçkidə 7 namizədin mübarizə aparacağı müəyyənləşib. Gələn həftədən isə növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq və fevralın 6-sı dayandırılacaq.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi fonunda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin qarşısında yeni üfüqlər açacaq. Azərbaycan xalqı qalib, müzəffər və qürurlu xalq kimi seçkilərdə fəxarət hissi ilə öz sözünü deyəcək.

Nurlan ABDALOV,

"Respublika".