Qərbin
Siyasət

Qərbin "kenquru şousu"

Ölkəmizin 44 günlük Zəfərindən sonra bəzi ali tribunalar öz zəhərli oxunun kəsərini artırmağa başladı. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasını gözü götürməyən qüvvələr bir vaxtlar işğalçı statusu qazanmış Ermənistanı bu gün də müdafiə edirlər. Keçmişdə məhz erməni terror təşkilatının Avropada törətdiyi qanlı terror aktları nədənsə Qərbin gündəmində deyil. 30 ildən sonra Qarabağda separatizmin kökünün kəsilməsi və sülh üçün heç bir maneənin qalmaması pozucu qüvvələri dərindən narahat edir. Ermənistana "əba altından çomaq" göstərən Qərbin təxribat planları bu il də davam edir.

Makron və onun anti-Azərbaycan komandasının başlatdığı qarayaxma kampaniyası artıq kəskin hal alıb. "Ermənistan Respublikasının ərazi bütövlüyü" məsələsini tez-tez gündəmə gətirən Yelisey sarayı heç erməniləri bu qədər narahat etməyən məsələdə özlərinə xal qazanmaq istəyirlər. Fransa senatının yanvarın 17-də daha bir əsassız qətnaməni müzakirəyə çıxarması açıq-aşkar erməni lobbisinə təəssübkeşlikdən irəli gəlir. Makronun hökumət strukturlarına təyin etdiyi başıpozuq dövlət adamlarının sərgilədiyi pik erməni sevgisi öncədən hesablanmış addımdır. Məqsəd əli günahsız insanların qanına batmış yandaşları eyni istiqamətdə - Cənubi Qafqazın vassalı halına salmaq və bunun üçün Azərbaycana qarşı sanksiya ətrafında toplamaqdır.

Fransanın təşkilatçılığı ilə başladılan qarayaxma kampaniyasına Qərb tribunaları dəstəkçi, Almaniya isə muzdlu icraçı qismində qoşulub. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında almaniyalı deputat Frank Şvaben Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bununla da maxinasiyaların qurbanına çevrilmiş Qərbin alnına daha bir ləkə əlavə olunub. Səbəb kimi əsas olaraq, Qarabağdan könüllü şəkildə köçən ermənilərin oradan "qovulması" göstərilib. Təbii ki, Azərbaycan üçün AŞPA-da səsinin dondurulmasının heç bir əhəmiyyəti yoxdur. Qərb özü də aydın başa düşür ki, ikiüzlü maska ən qısa zamanda cırılacaq.

Məhz ABŞ-ın və Qərbin erməniləri müdafiə etmək "zərurət"i yeni müstəmləkə xəyallarının təcəssümüdür. Azərbaycan tərəfi Qərb qonşusu ilə daim sülh şəraitində yaşamaq istəyib, ondan fərqli olaraq müharibə dövründə günahsız insanlara atəş açmayıb, heç bir zorakılıq törətməyib. Məhz Fransanın timsalında Qərbin sərgilədiyi siyasi klounluq öz utopiyasını yaratmaq istəyindən irəli gəlir. Amma Azərbaycan Cənubi Qafqazda bu hərdəmxəyal istəklərin gerçəkləşməsinə icazə verməyəcək.

Məzmunu saxlamaqla formanı dəyişmək qərarına gələn Qərb ötən ilin 19-20 sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərini həzm edə bilər. 30 ildir bəslədikləri separatçıların bir anda tərk-silah edilməsi və rəhbərlərinin həbs olunması Cənubi Qafqazla bağlı bütün planları pozub. Buna qədər 2023-cü ilin əvvəllərində "blokada" qarayaxmasını tez-tez öz tribunalarından gündəmə gətirən Qərb antiterror tədbirlərdən sonra yeni kampaniyasına - "guya 100 mindən artıq erməninin Qarabağdan qovulması" məsələsi ətrafında spekulyasiyalara başlayıb. Məlum hadisədən dərhal sonra Laçın yoluna məruzəçi göndərmək istəyən hiyləgər AŞPA-nın çirkin planı öncədən təxmin edilmiş və bu absurd addıma imkan verilməmişdir. Əvəzində isə dünyanın ən ali qurumu hesab edilən Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri bölgəyə səfər etmiş və Qərbi öz silahı ilə vurmuşdu. Anti-Azərbaycan uğrunda "qladiator döyüşləri" aparan blok öz antipasifist siyasətindən də əl çəkmir. Sülhün bir addımlığında Ermənistanı silahlandırmaqla "davam" mesajı çox aydındır. Qərb qonşumuz isə təəssüf ki, bu xain xislətə inanır, "əbanın altındakı çomağı" görmür. Fitnə əməllər isə hələlik öz "bəhrəsini" vermir. Çünki öz siyasətini nahamar xətlər üzərində deyil, qətiyyətlə qurmuş Azərbaycan regiona "müdafiə sipəri" çəkib. Ermənistan isə bu sipərin daxilində zəif nöqtə, "Axillesin dabanı" rolunu oynayır. Fransanın dirijorluğu, ali qurumların dəstəyi və Almaniyanın hərbi yardımı ilə şirniklənən Ermənistan xam xəyallardan ayılmalı və vasitəçisiz sülhə addım atmalıdır. Əks halda, İrəvan Qərbin çomağı ilə üz-üzə qalacaq. Hələlik isə Avropanın heç bir standartlara məhəl qoymayan, Azərbaycanı təhdid edən "kenquru şousu" davam edir.

Tacir SADIQOV,

"Respublika".