Şəhid leytenantın xatirəsi əbədiləşdirilib
Sosial həyat

Şəhid leytenantın xatirəsi əbədiləşdirilib

Ölkəmizin ərazi bütövlüyünün yağı düşməndən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan leytenant Məmməd Rəhman oğlu Zamanlının xatirəsi ehtiramla anılıb və Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində onun adına inşa edilmiş bulaq abidəsinin açılışı olmuşdur.

Məmməd Zamanlı 3 avqust 1998-ci ildə Naxçıvan MR Şərur rayonunun Püsyan kəndində dünyaya göz açmışdır. O, anadan olanda hamıdan çox babası Məmməd kişi sevinmiş və öz adını nəvəsinə verərək: "Nəvəm mənim adımı şərəflə daşıyacaq" - demişdir.

Baba çox xeyirxah bir insan idi. Kənddə hamı onun xatirini istər və haqqında xoş sözlər danışırdı. O, 1941-1945-ci illərdə II Dünya müharibəsində, oğlu Rəhman isə Birinci Qarabağ müharibəsində iştirak etmişdir.

Nəvə Məmməd Zamanlı 2004-cü ildə Məmməd Əsgərov adına Püsyan kənd orta məktəbinin I sinfinə gedir, 2012-ci ildə IX sinfi müvəffəqiyyətlə bitirib Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olur.

2015-ci ildə liseyi müvəffəqiyyətlə bitirən Məmməd Zamanlı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur, 2019-cu ilin iyul ayında təhsilini başa vurub leytenant rütbəsi alır, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə taqım komandiri vəzifəsində xidmətə başlayır.

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan Ordusu düşmənə qarşı əks-hücum əməliyyatlarına başladı. Leytenant Məmməd Zamanlı Füzuli istiqamətində gedən döyüşlərdə əsgərləri ilə bərabər addım-addım irəliləyir, düşmənin qüvvələrinə ağır artilleriya zərbələri vuraraq, əzəli və əbədi torpaqlarımızı yağı düşməndən azad edirdi. Düşmən onların qarşısında dayana bilmir və döyüş mövqelərini tərk edərək qaçırdı.

Yağılar qəfildən əsgərlər və zabitlərimizi top yağışına tutdu. Yer-göy sanki od tutub yanır, səs-küydən qulaq tutulurdu. Cəsur komandir vaxt itirmədən öz əsgərlərini cəld səngərə yığsa da, öz həyatını ölümün pəncəsindən xilas edə bilmədi. Onlara çox yaxın yerdə partlayan mərminin qəlpələri bir anın içində ətrafa yayıldı. Gənc zabit Məmməd Zamanlı ağır xəsarət alaraq Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Onun nəşi Heydər Əliyev adına Azərbaycan Hava Limanından böyük izdihamla Naxçıvan Muxtar Respublikasına yola salındı, doğulub boya-başa çatdığı Şərur rayonunun Püsyan kənd qəbiristanlığında dəfn edildi.

Şəhid leytenant Məmməd Rəhman oğlu Zamanlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edərək, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Şəhidin atası Rəhman Zamanov: "Məmməd uşaqlıqda taxtadan avtomat düzəldər, atamın orden və medallarını da sinəsinə vurub uşaqlarla "güllə-güllə" oynardı. Ondan soruşanda: - Böyüyəndə kim olacaqsan? Məmməd qürurla cavab verərdi ki, hərbçi olacağam. O, dediyi sözə əməl etdi. Oxudu və hərbçi peşəsinə yiyələndi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 gün ərzində Ermənistanı məğlub edərək, şəhidlərimizin qisasını aldı və işğala son qoydu. Mən bir ata kimi fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində oğlum Məmməd son nəfəsinədək düşmənlə döyüşmüş və qəhrəmanlıq nümunəsi göstərmişdir. Övladımla qürur duyuram. Təki Vətən sağ olsun!          

Məmməd Zamanlının ibtidai sinif müəllimi olmuş Fərqiyyə Məmmədova: Vətənpərvərlik, yurd sevgisi Məmməd Zamanlının qanında və canında idi. Naxçıvanın uzun illər blokada şəraitində qalması, Qarabağ və onun ətraf ərazilərinin erməni quldurları tərəfindən işğal olunması onun qəlbini sıxırdı.

O, istədiyi ali məktəbə yüksək bal toplayaraq daxil ola bilərdi. Ancaq ailənin tək oğlu olsa da hərbçi peşəsini seçdi. Məmməd Vətən müharibəsi başlayan andan döyüşlərə qatıldı və əsgərlərinin həyatını xilas edərkən qəhrəmancasına şəhid oldu.

İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Vətən uğrunda ölmək böyük şərəfdir. Şəhidlər ölmür. Onlar bir xalqın, millətin, el-obanın qürur yerinə çevrilir, cismən həyatdan köçsələr də, xalqın qəlbində özlərinə əbədi məskən salır, eləcə də adları Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılır.

Şəhid leytenant Məmməd Zamanlının və bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və böyük ehtiramla yad ediləcək.

Kamil İSMAYIL,

"Respublika".