Onlara qayğı ən müqəddəs borcumuzdur
Sosial həyat

Onlara qayğı ən müqəddəs borcumuzdur

Onlar cümlə cahanı daha firavan, daha xoşbəxt görmək istəyirlər. Dünyanı verin uşaqlara ki, silah səsini gülüşləri ilə əvəzləsinlər. Dünyanı verin uşaqlara ki, münaqişələr, müharibələr olmasın. Heç bir uşaq atasız, valideynsiz, gözüyaşlı qalmasın. Çünki müharibələrdə ən çox əziyyət çəkən, sarsıntı keçirən məhz uşaqlar olur.

44 günlük Vətən müharibəsində yumruq kimi birləşib torpaqlarımızı yağı işğalından azad etdik. Haqqımız olan Zəfər sevincini yaşadıq. Ancaq itkilərimiz də oldu. Sevinc göz yaşlarımıza şəhid qüssəsi qarışdı. Şəhidlər nə qədər müqəddəs, nə qədər alidirsə, övladları da bizə o qədər əziz və doğmadır. Onlara qayğı və məhəbbətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları istiqamətində mühüm addımlar atılır. Onların qayğısız böyümləri, yüksək səviyyədə təhsil almaları, fiziki və mənəvi baxımdan sağlam yetişmələri, öz istedad və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin qarşıda qoyduğu əsas vəzifələrdəndir.

Ölkəmizdə şəhid və qazi övladlarına yüksək səviyyədə diqqət və qayğı göstərilir. "YAŞAT" Fondu bu sahədə böyük işlərə imza atır. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən "Onlar bizə əmanət" layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə ailələrinə 1000 manat məbləğində maddi yardım edilmiş və şəhid övladlarının adına 5000 manat məbləğində depozit hesabı açılmışdır. Hər iki valideynini itirən 7 şəhid övladının adına da 5000 manat məbləğində depozit hesabı açılmışdır.

"YAŞAT" Fondu hazırda 4 istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlərdən biri təhsil sahəsidir. Fondun təşəbbüsü ilə 254637.99 manat vəsait təhsil müəssisələri tərəfindən qarşılanıb. 97 nəfərin təhsilhaqqı ödənişi Fond tərəfindən, 72 nəfərin ödənişi isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən həyata keçirilib. 23 iyun 2022-ci il tarixdən "YAŞAT" Fondu ilə bəzi özəl təhsil müəssisələri arasında şəhid övladlarının ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Bir sıra təlim-tədris mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulub. Ötən təhsil ilində "YAŞAT" Fondunun şəhid övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək kampaniyası çərçivəsində 6 şəhid övladı XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil alıb.

"YAŞAT" Fondu bir sıra yerli təşkilatlarla birgə şəhid övladları üçün "Yaşat " düşərgələri təşkil edir. Fərqli məkanlarda olan düşərgələrin açılmasında məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi, özünəgüvən, optimizm hisslərinin gücləndirilməsi və gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etməkdir. Belə düşərgələr Şamaxı, Şuşa, Qəbələ və digər məkanlarda 60 nəfər olmaqla 5 və yaxud da 3 gün ərzində təşkil olunur. "YAŞAT" Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi, "Asan Könüllüləri" təşkilatının tərəfdaşlığı ilə Qəbələdə tədbir keçirilib. Tədbirdə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişli rayonlarından idmana marağı olan şəhid övladları iştirak ediblər. 8-12 yaş arası 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb ediliblər.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, qazilərin Vətənə əmanət övladları daha çox sevgiyə, qayğıya layiqdirlər. Bu işdə qardaş Türkiyə dövləti də öz diqqətini əsirgəmir. Türkiyənin Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə "Hədiyyə karvanı" layihəsi çərçivəsində 15 yaşadək 2000 şəhid və qazi övladına hədiyyələr verilmişdir. Həmçinin, Türkiyədə təhsil alan şəhid və qazi övladları da Azərbaycan dövlətinin nəzarətindədir. Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin apardığı məqsədyönlü siyasətə dəstək göstərməkdir.

Müharibələr uşaqların yaddaşında dərin iz salmaqla yanaşı, həm də psixoloji sarsıntılara səbəb olur. Onların əksəriyyəti hələ körpədir. Nə baş verdiyini, niyə belə olduğunu tam anlamaq iqtidarında deyillər. Lakin vaxt, zaman gələcək bu körpə balalar böyüyüb müharibənin onların taleyində nə qədər ağır fəsadlar törətdiyini anlayacaqlar. Dərk edəcəklər ki, "bir gün gələcək" ümidi ilə arzuladıqları qəhrəman ataları torpaq, Vətən uğrunda şəhid olublar. Özləri böyüdükləri kimi fikirləri, düşüncələri də böyüyəcək. O zaman uşaqlıq xatirələrini fəxarət, qürur hissi əvəz edəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".