SƏHNƏDƏN SƏNGƏRƏ
Sosial həyat

SƏHNƏDƏN SƏNGƏRƏ

Tural ailənin sonbeşiyi idi. Səfalı Talış dağlarının ətəyində yerləşən Lənkəranın mənzərəli Tatova kəndində dünyaya göz açıb. Doğma kənddə orta məktəbi bitirib. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Lənkəran Şəhər Mədəniyyət Mərkəzində kompüter mərkəzinin rəhbəri vəzifəsində əmək fəaliyyətinə başlayıb.

2020-ci ilin sentyabrında səfərbərliklə əlaqədar yenidən hərbi xidmətə çağırılıb. Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə igidlik, şücaət göstərib. Noyabrın 7-də Xocavənd istiqamətində döyüşdə şəhidlik zirvəsinə ucalıb. Noyabrın 9-da Tatova kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Tural Ağababa oğlu Hümmətov ölümündən sonra ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Turalın bir vaxtlar işlədiyi Lənkəran Regional Mədəniyyət İdarəsində əziz xatirəsi daim ehtiramla yad olunur. Şəhidin doğum günü ilə əlaqədar Lənkəran Şəhər Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Anım mərasiminə şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, Osakücə kəndinin ağsaqqalları, ziyalılar, kənd ictimaiyyətinin nümayəndələri toplaşmışdı.

Tədbir iştirakçıları əvvəl mərkəzin foyesində şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb xatirəsinə ehtiramlarını ifadə ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışında bildirib ki, ataların, babaların yolunu oğullar ləyaqətlə, şücaətlərlə davam etdirirlər. 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Tural kimi igid, qeyrətli oğullar silaha sarılıb işğal altında olan torpaqlarımızı düşməndən azad etdilər.

Mərasimdə çıxış edənlər Turalın keçdiyi həyat yolundan, Vətən sevgisindən, el-obaya bağlılığından söhbət açıblar. Ömrün 22-ci payızında şəhidlik zirvəsinə yüksəlmiş Tural Hümmətovun qısa, lakin mənalı ömür yolunun gənclərə əsl nümunə, örnək olduğu vurğulanıb.

Tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Tural Hümmətov haqqında çəkilmiş "Səhnədən səngərə" adlı videoçarx nümayiş olunub. Osakücə kənd yaradıcılıq evinin və M.Kələntərli adına Lənkəran şəhər sənətkarlıq klubunun üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".