Dünyaya sülh, əmin-amanlıq mesajları
Siyasət

Dünyaya sülh, əmin-amanlıq mesajları

Prezident İlham Əliyev 2008-ci ildə xristian və müsəlman sivilizasiyaları arasında dialoqu özündə əks etdirən "Bakı Prosesi"nin təşəbbüskarı oldu. Sözügedən proses beynəlxalq aləmdə çox ciddi rezonans doğurdu. Bu da sivilizasiyaların labüd toqquşmasından bəhs edənlər üçün unikal bir cavab idi. İki sivilizasiya arasında toqquşma deyil, kəsişmə nöqtələrini tapmaq planetimizin, bəşəriyyətin xilası yoludur. Elə bu məntiqlə də 2011-ci ildən etibarən ölkəmizdə "Bakı Prosesi"nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilməyə başlandı və 2019-cu ildə sayca beşinci belə bir forum keçirildi. COVID-19 pandemiyasına görə indiyə qədər bu prosesdə müəyyən bir fasilə yaranmışdı.

Azərbaycan artıq sayca altıncı dəfə belə mötəbər bir tədbirə ev sahibliyi edir və elə iştirakçıların sayı da mühüm bir göstəricidir. Dünyanın 110 ölkəsindən 700 nümayəndə iştirak edir. Tədbirə tanınmış dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, elm adamları, jurnalistlər, dini və mədəni elitanın nümayəndələri qatılıblar. Sözün həqiqi mənasında, paytaxt Bakıda sülh və qlobal təhlükəsizliyə dair dialoq adı altında möhtəşəm bir tədbir keçirilir. Bu tədbirin unikallığı ondan ibarətdir ki, forum işğaldan azad edilmiş ərazilərimizdə də davam etdirilir. Ağdamda və Şuşada da müvafiq görüşlər keçirilir, panel iclaslar baş tutur.

Forumun mövzusundan da göründüyü kimi, dünyamızda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaranıb. Dünyanın demək olar ki, əksər bölgələrində qanlı toqquşmalar baş verir. Siyasi və iqtisadi kataklizmlər yaşanır, beynəlxalq hüquq işləmir. Belə olan vəziyyətdə planetimiz üçün sabitliyin əldə edilməsi, sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin formalaşması hava, su kimi lazımdır. Bunun yolu isə dialoqdan keçir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Azərbaycan paytaxtı məhz həllini gözləyən qlobal beynəlxalq məsələlərin tənzimlənməsi üçün dialoq platformasını təklif edir. Bakıdan dünyaya birgəyaşayış mədəniyyəti, sülh, əmin-amanlıq mesajları göndərilir.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı oldu və bu çıxışında dövlət başçısı bir daha ölkəmizdə regionda və dünyada baş verən proseslərin çox dərin təhlilini apardı.  Ölkə başçısı qeyd etdi ki, respublikamızda müxtəlif dinlər və mədəniyyətlər arasında ünsiyyət, dialoq bizim bir həyat normamızdır. Bu, həm ictimai sifariş, həm də bizim gələcəyimizin təminatçısıdır. Azərbaycan tarixən bu ənənələrlə yaşayıb və bu gün də ölkəmizdən dünyaya sülh çağırışları edilir. Həmçinin Prezident bu kontekstdə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri həyata keçirib,  sülh və təhlükəsizliyin təminatına töhfələr verib və xüsusilə də Fransanın neokolonializm siyasətindən əziyyət çəkən ölkələrin yanında yer alıb. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatına daxil olan ölkələrin mütləq əksəriyyəti müstəmləkəçiliyin nə olduğunu çox gözəl bilir və öz dövlətçilik tarixində bunu yaşayıblar. Ona görə də onların bəziləri böyük dövlətlərin yeni müstəmləkəçi yanaşmasının fərqinə varırlar. Həmçinin Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi müstəmləkəçiliyin yeni forması olan neokolonializm əleyhinə siyasət həyata keçirir və xüsusilə, Yeni Kaledoniada baş verən proseslər fonunda Azərbaycan dövlətinin  bu qorxulu tendensiyalara qarşı necə mübarizə apardığı hər kəsə bəllidir.

Eyni zamanda Prezident nitqində regional təhlükəsizlik məsələlərindən də danışdı  və qeyd etdi ki, biz Ermənistanla postmüharibə dövrünün həllini gözləyən məsələlərini tənzimləmək istəyirik. Bu reallıqda bizim sülh müqaviləsi imzalamaq üçün beş baza prinsipi irəli sürdüyümüzü, həmçinin sülh müqaviləsinin layihəsinin  Azərbaycan tərəfindən hazırlandığını, təkliflər mübadiləsinin həyata keçirildiyini və heç zaman olmadığı qədər iki ölkənin sülhə yaxınlaşdığını, həm də ikitərəfli format çərçivəsində daha ciddi nailiyyətlərə imza atıldığını bildirdi. Dövlət başçısı onu da vurğuladı ki,  artıq iki dövlətin sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi gedir və bu proses də məhz ikitərəfli formatda reallaşdırılır və heç bir vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər bir çox hallarda öz geostrateji maraqlarını ön plana çəkir, bu isə regionda maraqların kəsişməsi yox,  toqquşması ilə müşayiət olunub və buna görə də Azərbaycan tərəfi belə formatlardan imtina edib. Ancaq üçüncü tərəf təşkilatçı kimi iştirak edə bilər. Necə ki, Almaniya təşkilatçı olaraq Azərbaycan və Ermənistanın siyasi liderlərinin, eləcə də xarici işlər nazirlərinin görüşünü keçirdi. İndi də Qazaxıstandan analoji təklif gəlib və iki dövlətin xarici işlər nazirlərinin görüşünü keçirmək istəyir. Azərbaycanın da niyyəti odur ki, COP29 tədbirinə qədər, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansın və belə olan vəziyyətdə regionda yeni səhifə açılacaq. Bu, artıq əməkdaşlıq səhifəsidir və baş verəcəyi təqdirdə, eyni zamanda Ermənistanın baş nazirinin də yəqin ki, artıq sülh müqaviləsi imzalamış tərəf kimi COP29 tədbirinə qatılması mümkün ola bilər. Sözün həqiqi mənasında, bu tədbir Azərbaycanın bir daha beynəlxalq sülh və təhlükəsizliyə çox ciddi töhfələr vermək niyyətini ortaya qoydu və Azərbaycanın bütün dünyada mövqeyini daha da möhkəmləndirdi.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.