Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir
Diaspora

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər hələ də dünyanın bir sıra nəşrlərinin diqqət mərkəzində qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, "Milliyyət", "Hürriyet", "Yeni Şafak", "CNN Türk", "TR Haber", "İHA", "İstiklal", "Türkiye Press", "Son saat", "Yeni gün" portalları, "TRT", "Haber Global", "TV 100" media qurumlarının, "Beyaz qazete", "Akşam" qəzetlərinin və digər nəşrlərin yaydığı xəbərlərdə bu mötəbər VI Mədəniyyətlərarası Dialoq Forumuna böyük marağın olduğu vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib. "Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır", "İlham Əliyev: Ermənistan ilə sülhə doğru gedirik", "Əliyevdən Ermənistana mesaj: Çox fəal çalışırıq", "Kritik toplantıdan əvvəl Əliyevdən yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?" sərlövhələrlə təqdim olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı susur.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar, delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.

Qardaş ölkə mediasında yer alan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan olması barədə fikri xüsusi vurğulanıb: "Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır".

Rusiyanın "Rossiya 24" dövlət telekanalında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş reportaj yayımlanıb. Reportajda bu mötəbər beynəlxalq tədbirin əsas mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd edilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi Ukrayna mətbuatının da diqqət mərkəzində qalmaqdadır. "1News", "Meta", "Ua24news" və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd edilib ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər Serbiya mətbuatının da diqqət mərkəzində olub. Bu ölkənin "Politika", "Tanyug", "Novosti", "Alo.rs", "Pink.rs" nəşrləri, "Voyvodine" radio-televiziyası dövlətimizin başçısının xüsusən neokolonializmlə bağlı fikirlərini önə çıxarıb. Bu ölkə mətbuatı xəbərləri oxuculara "Əliyev neokolonistlərə meydan oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın", "Dünya neokolonializmin iyrənc praktikasına göz yummamalıdır" və digər sərlövhələrlə təqdim ediblər. Yazılarda dövlətimizin başçısının çıxışından aşağıdakı sitata xüsusi yer verilib: "Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır".

Qeyd edək ki, yazılarda dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, hər iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiya işlərinə başladığı və özü də bu prosesin vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri də diqqətə çatdırılıb.

Ərəbdilli nəşrlər də Foruma geniş yer ayırıb. Misirin "Ahram", "Shorouknews, "2lkhbr.com" nəşrləri Forumda müzakirə olunan məsələlərlə yanaşı, dövlətimizin başçısının açılış nitqində qeyd etdiyi mövzulara, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə atılan addımlara diqqət çəkib. Xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizin təşəbbüsü ilə Hərəkatın parlament şəbəkəsinin, gənclər təşkilatının, qadın platformasının yaradıldığını bildirdiyi xüsusi vurğulanıb.

Əlcəzairdə fransız dilində yayımlanan "Algere54" media resursunda yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin Fransanın neokolonializm siyasətini kəskin şəkildə qınadığı qeyd olunub.

Mərakeşin "Mapexpress", "Hespress", "2M.ma", Qətərin "Gulf Times", Yəmənin "Pressbee" nəşrlərinin, Bəhreyn Xəbər Agentliyinin yayımladığı informasiyalarda VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 700-dək qonağın iştirak etdiyi bildirilib. Qeyd olunub ki, Forum çərçivəsində keçiriləcək 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalələrdə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.