Separatçıların
Digər xəbərlər

Separatçıların "boz zona" yaratmaq istəyi gerçəkləşməyəcək

Xalqımız mənfur niyyətli ermənilər tərəfindən dəfələrlə kütləvi qırğınlara, soyqırımlarına məruz qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 2020-ci ildə Vətən müharibəsindəki Qələbəsi regionda yeni reallıqlar yaratdı. Qarabağ problemini birdəfəlik həll etdikdən sonra Azərbaycanın siyasi, iqtisadi, demoqrafik və hərbi potensialı daha da artır. Erməni cəmiyyətinin daxilində də bunu dərk edən təbəqə var. Təəssüf ki, bəzi dövlətlər erməni tərəfinə yersiz ümidlər verməklə, onları himayə etməklə prosesin qarşısını almağa çalışırlar. Humanitar böhran, blokada, genosid kimi yalanlarla çıxış edən ermənilər öz məkrli anti-Azərbaycan siyasətindən əl çəkmir. Onların Laçın nəzarət-buraxılış məntəqəsi ətrafındakı humanitar yük şousu, silahlı qrupların hələ də Qarabağı tərk etməməsi buna bariz nümunədir.

Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsində törətdiyi təxribatları nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifini haylar rədd edir. Üstəlik Makron hökuməti də Qarabağa yük karvanı göndərməklə guya oradakı ermənilərə yardım etməyə çalışır. Amma rəsmi Parisin iç üzü demək olar ki, hər kəsə məlumdur. Bir sözlə, Fransa bununla regionda gərginliyi artırmaq, rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı təklifinə əngəl yaratmaq istəyir. Fransanın Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımının qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb və nəticədə Fransanın "humanitar yükü" Azərbaycan ərazisinə buraxılmayıb. Təbii ki, Parisin bu davranışı beynəlxalq normalara və siyasi əxlaqa ziddir. Ancaq fakt budur ki, Fransa bu əməlindən əl çəkmir.

Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan ilə razılaşdırmadan demonstrasiya və populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycanla sərhədə, yəni Laçın sərhəd-keçid məntəqəsinə gətirib. Avqustun 31-də AzQAC-ın humanitar yükünün yerləşdiyi məntəqədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlaması zamanı "Azərbaycan öz ərazisində hər hansı bir "boz zona"nın olmasını qəbul etməyəcək" sözlərini işlədib. O, əlavə edib ki, Azərbaycan heç bir halda buna dözməyəcək: "Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər. Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunlara, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır. Kim düşünürsə ki, bu yollarla qanunsuz silah daşınması həyata keçiriləcək, artıq bu era bitib".

Göründüyü kimi, ermənilər bu cür şoular yaratmaqla öz gerçək üzlərini gizlətməyə çalışsalar da yenə də onların və havadarlarının "boz zona" formalaşdırmaq istəyi hamıya bəllidir və bu, heç vaxt gerçəkləşməyəcək. Düşmən unudur ki, Azərbaycan dəyişməyən qəti mövqeyilə bu cür korporativ maraqların iflasına nail olub.

Röya RÜSTƏMLİ,

"Respublika".