Şərqi Zəngəzura qayıdış davam edir
Sosial həyat

Şərqi Zəngəzura qayıdış davam edir

Daha 10 ailə Ağalıya köçdü

İşğaldan azad edilmiş Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə 50 nəfərdən ibarət daha 10 ailə köçürülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov və kənd sakinləri qarşılayıblar. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Birgə nahardan sonra Ağalı sakinləri yeni evlərinə gəliblər. Xüsusi nümayəndəliyin əməkdaşları tərəfindən onlara evlərin açarları təqdim edilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Jurnalistlərin suallarını cavablandıran Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, bu gün Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə növbəti köç prosesi həyata keçirilir. Bu mərhələdə 94 nəfərdən ibarət 20 ailə köçürülür. Köç iki gün davam edəcək. Bu gün Ağalıya 50 nəfərdən ibarət 10 ailə gəlib. Martın 3-də ikinci mərhələdə isə 44 nəfərdən ibarət növbəti 10 ailə köçəcək: "Köçürülən ailələr əsasən Bakıda yarımçıq tikililərdə, ağır şəraitdə yataqxanada yaşayan sakinlərimizdir. Onlar artıq yeni tikilmiş müasir evlərdə yaşayacaqlar".

Ömrünün 29 ilini Ağalıda keçirən 60 yaşlı Yeganə Abdullayeva sevincini bölüşərək deyib: "Ürəyimdə o qədər həyəcan var ki, duyğularımı sözlə ifadə edə bilmirəm. Zəngilan yazılan yerdə düşdüm. Elə bildim ki, bu gün anadan olmuşam. Çox təsirlidir. Dağların arası ilə keçdikcə 44 günlük Vətən müharibəsi gözünün qarşısında canlanır. Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Prezidentimiz sağ olsun, ordumuz var olsun. Vətəndən şirin şey yoxdur".

Ağalının digər sakini İmaməli Həsənov söyləyib: "Bugünkü sevincimin həddi-hüdudu yoxdur. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. İşğal altında olan torpaqlarımızı azad etdi, bizi ata-baba yurdumuza qaytardı. Köçkünlük illərində Bakıda mədən ərazisində şəraitsiz yerdə yaşayırdıq. Bu gün isə 12 sot həyət, üçotaqlı evlə təmin olunmuşuq. Bundan sonra öz yurdumuzda, öz evimizdə yaşayacağıq".

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

"Ağıllı kənd" konsepsiyasına uyğun qurulan Ağalı kəndinə ümumilikdə, bu günə kimi "Böyük Qayıdış" layihəsi çərçivəsində 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışacaqlar.

"Ağıllı kənd" layihəsi yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə evlər, qeyri-yaşayış binaları, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunur.

Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. "Ağıllı kənd" əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı var.

Kənddə tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) də tikilib. Burada aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir. Kənddə yaradılacaq "ağıllı kənd təsərrüfatı" idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunub.