SƏRSƏNG SU ANBARI YENİDƏN BÖLGƏ İQTİSADİYYATINA TÖHFƏLƏR VERƏCƏK
İqtisadiyyat

SƏRSƏNG SU ANBARI YENİDƏN BÖLGƏ İQTİSADİYYATINA TÖHFƏLƏR VERƏCƏK

Son zamanlar Azərbaycanda baş verən hadisələr birmənalı olaraq xalqımızın sonsuz sevincinə səbəb olur. Qalib Ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində 200 illik problemin həllini tapması bütün dünyanı heyrətləndirdi.

Hazırda Bakı şəhərində təcridxanada çay içən, hansı cəzanı alacaqlarını qorxu içində gözləyən, günahsız, köməksiz, zavallı azərbaycanlıların qətlinə fərman verən qondarma respublikanın "rəhbərləri" Fransaya və bir neçə ermənipərəst dövlətlərə arxayın olaraq Cənubi Qafqazda sülhün təmin olunması üçün atılan bütün addımlara mane oldular. Zənn etdilər ki, 30 il ərzində törətdikləri bəşəri cinayətləri davam etdirə biləcəklər.

Bütün bu illər ərzində mənfurlar ölkəmizə ölçüyəgəlməz maddi və mənəvi ziyan vurdular. Ekologiyamızı bərbad hala qoydular. Strateji əhəmiyyətə malik olan bölgədə aqrar sektorun inkişafında xüsusi rolu olan Sərsəng və Suqovuşan su anbarlarından istədikləri kimi istifadə etməklə Tərtər, Yevlax, Goranboy, Bərdə, Ağcabədi rayonlarında fəaliyyət göstərən fermerlərə hər il suvarma dövründə çox ciddi ziyan vurdular. Qış aylarında anbarlardan suyu buraxdılar, isti havalarda əkinə su lazım olan vaxtlarda isə suyun qarşısını kəsdilər. Bir sözlə, 30 il ağlasığmaz təxribatlar törətdilər.

Prezident İlham Əliyev verdiyi sözü imzası ilə təsdiq edən dövlət başçısıdır. Sonuncu lokal xarakterli antiterror tədbirləri nəticəsində növbəti tarixi qələbə əldə etməklə ermənilərin özbaşınalıqlarına birdəfəlik son qoyuldu.

Ali Baş Komandanın üçrəngli Azərbaycan bayrağını Xocalı, Xankəndi, Xocavənd, Ağdərə, Sərsəng Su Anbarına sancması qürurvericidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il 22 mart tarixində təməlini qoyduqları Suqovuşanın ətrafındakı istirahət parkı əraziyə xüsusi gözəllik verir. Beləliklə, Sərsəng və Suqovuşan su anbarları Azərbaycanın dövlət büdcəsinə xeyli mənfəət gətirəcəkdir.

Sözsüz ki, Sərsəng Su Anbarının işğaldan azad olunması və Suqovuşanda yaradılan şərait ən çox melioratorların sevincinə səbəb olur. Tərtərçay Hidroqovşağın İstismarı İdarəsinin rəisi Emil Hacıyev 15 oktyabr tarixində Prezident İlham Əliyevin Sərsəng Su Anbarına üçrəngli Azərbaycan bayrağını sancmasından qürur duyduğunu bildirdi. Qeyd etdi ki, artıq Sərsəng Su Anbarına sərbəst gediş-gəlişin bərpası təmin olundu. Bundan sonra adıçəkilən strateji obyektdən səmərəli istifadə ediləcəkdir.

Müsahibim bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə meliorasiya sisteminin inkişafında əvəzsiz xidmətləri olmuşdur. 1970-ci ildən başlayaraq aparılan məqsədyönlü tədbirlər nəticəsində 10 minlərlə hektar torpaq sahələrində suvarmanın aparılmasına yaradılan şərait əkin sahələrinin ərazisini bir neçə dəfə artırmışdır. İşğaldan azad olunmuş Sərsəng və Suqovuşan su anbarları deyilənlərin bariz nümunəsidir. 1970-ci ildə inşasına başlanılmış strateji əhəmiyyətli Sərsəng Su Anbarının açılışı Ümummilli Lider Heydər Əliyev tərəfindən 1976-cı ildə baş tutmuşdur. Bununla da bölgədə şirin suya olan tələbatın ödənilməsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Sərsəng Su Anbarının ümumi sututumu 560 mln kubmetr, bəndin hündürlüyü 125 metrdir. Bu, respublikada ən hündür bənddir. İşğal altında olduğu vaxtlar anbar bölgənin təhlükə mənbəyi idi. Çünki ermənilər hər an təxribat törədə bilərdilər ki, bu da böyük insan tələfatına səbəb olardı. 

Sərsəng Su Anbarının yaradılması ilə bölgədə əkinçilik sahəsi sürətlə inkişaf etməyə başladı. Təəssüflə qeyd etmək lazımdır ki, mənfur düşmən 30 il torpaqlarımızı, o cümlədən Sərsəng və Suqovuşan su anbarlarını işğal altında saxlamaqla bərbad vəziyyətə salmışlar. Suqovuşan işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ərazidə geniş abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə start verildi. İdarə rəisi əminliklə bildirdi ki, Sərsəng Su Anbarında da yaxın zamanlarda lazımi işlər görüləcək, qüdrətli ölkəmiz təbiət gözəli Sərsəngi də əsl cənnətə çevirəcəkdir. Bir sözlə, adıçəkilən obyektlər aqrar sahəni, eləcə də turizmin inkişafını sürətləndirəcək. Burada genişmiqyaslı təmir-bərpa işləri görülmüş, təhlükəli sutullayıcı qurğu yenidən qurulmuşdur. Qülləli suburaxan qurğu üzərində olan bütün avadanlıqlar yenisi ilə əvəz olunaraq işlək vəziyyətə gətirilmişdir. Anbarda gölün beton yamacları yenidən beton üzlüydə üzlənmişdir. Bəndin ərazisində abadlıq işləri davam etdirilir. Sağ sahil magistral kanalın 5250 metrlik hissəsi yenidən qurulub. Sol sahil magistral kanalın 22,4 kilometrlik hissəsində təmir-bərpa işləri aparılmışdır.

Bütün bu yaradılan şərait bölgədə aqrar sahənin inkişafını təmin etməklə yanaşı, yerli və xarici turistlərin sevimli məkanlarından birinə çevriləcəkdir.

Vəli VƏLİYEV,

"Respublika".