Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuş, 4 minə yaxın hərbçimiz isə itkin düşmüşdür. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər el oğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər.
Goranboyun canını torpağa fəda edən neçə-neçə şəhidi, fəxrlə yad edilən oğulları vardır. Belə qəhrəmanlardan biri idi Sərxan. Yaşasaydı bu gün 55 yaşı tamam olacaqdı Sərxanın. Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Ocaqverdiyev Sərxan Surxay oğlu 16 iyul 1967-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açıb. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətə yollanır. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönərək Gəncə Maşınqayırma Texnikumuna daxil olur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlayır.
1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiası başlayanda Sərxan da həyəcanla cəbhə xəbərlərini izləyirdi. Acı xəbərlər Sərxanın qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun da yuxusunu ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət, Sərxan 10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılır, Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edir. Sərxan qısa müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstərir.
5 may 1992-ci il… Ermənilər növbəti dəfə Talış kəndinə hücuma keçir. Qeyri-bərabər döyüşlər başlayır. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Səfikürd kəndində dəfn edilmişdir. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kənddə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirirlər. Qeyd edək ki, bu kənd Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-sı Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu tərəfindən Tapqaraqoyunlu istiqamətindən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. 2 aprel 2016-cı il tarixdə Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam geri alınıb. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı PUA-nı məhv ediblər. 2020-ci il oktyabrın 3-ü Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının, xatirəsi hər zaman bizim üçün əzizdir. Bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı ordusu üzərində qələbənin əldə olunmasını təmin etdi. Beləcə, 30 illik tarixi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən digər məkrli qüvvələrə də mesaj oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi.
Müşfiq MİRZƏ,
“Respublika”.