Şəhid ailələrinə hərtərəfli qayğı bizi qürurlandırır
Sosial həyat

Şəhid ailələrinə hərtərəfli qayğı bizi qürurlandırır

Vətən və xalq üçün igid oğul böyütdüyümüzə görə fəxr edirik

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ordumuzun düşmənə 44 gün sarsıdıcı zərbə endirərək 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməsi və separatçı qüvvələrin 23 saat ərzində birdəfəlik zərərsizləşdirilməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Çünki müstəqil respublikamızın Ümummili Lider Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq bütün sahələr üzrə durmadan inkişafına mane olmağa çalışan xarici və daxili qüvvələr ötən dövrdə öz çirkin niyyətlərinə müəyyən qədər nail olmuşlar.

Xarici havadarlarına arxalanan Ermənistan silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox vətəndaşımızı doğma yurdlarından didərgin salmışdılar. Düşmənin bu faşist siyasətinə daxili düşmənlərimiz də bir vaxtlar dəstək verir, xalqımızın həyat tərzinin yaxşılaşmasına ciddi cəhdlə mane olmağa çalışırdılar. Yaxşı yadımdadır, 1994-cü ilin oktyabr ayında ölkəmizin sərhəd bölgələrində baş verən düşmən hücumları vaxtı təxribatçı qüvvələr ölkədə qiyam törətməklə, daxili sabitliyi pozmaqla düşmən dəyirmanına su tökürdülər. Həmin dövrdə hərbi xidmətdə olan oğlum Natiq hünəri ilə bizi sevindirirdi. Bir dəfə xidmət etdiyi hərbi hissəyə getmişdim, onun haqqında eşitdiyim xoş sözlər məni xeyli ruhlandırdı. Bununla yanaşı, onun vətən yolunda igidlik göstərməsini bərk-bərk tapşırdım. Çünki həyat yoldaşım Səfiyyə xanımla ailə quran gündən uşaqlarımızı vətənə və torpağa bağlı insan kimi böyütməyi qərara almışdıq. Belə də oldu, Natiq də arzularımızı çin etdi. Hələ kiçik yaşlarından qəhrəmanlıq göstərməyə çalışırdı. Bir valideyn olaraq bizim üçün qürurlu haldır ki, oğlumuz vətən uğrunda qəhrəmanlıq göstərib. Belə ki, Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücumunun qarşısının alınmasında igidliklə vuruşan Natiq bir əsgər olaraq dövlət çevrilişi törətməyə cəhd edən qiyamçı dəstənin zərərsizləşdirilməsi üçün son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Valideyn o vaxt xoşbəxt olur ki, övladları arzularını doğrultsun, xalqı yolunda qəhrəmanlıq göstərsin. Bu mənada biz özümüzü xoşbəxt sayırıq. Oğlum Natiq arzularımızı şücaəti ilə doğrultdu.

 Həmin günlər indiki kimi yadımdadır. 1994-cü il oktyabrın 5-də Bakıda Azadlıq meydanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən mitinqi çoxları kimi, mən də televizordan canlı izləyirdim. Ümummilli Liderimiz xalqa müraciət xarakterli çıxışında dövlət çevrilişi törədən qüvvələrin zərərsizləşdirilməsi zamanı xüsusi xidmət göstərən əsgərlər haqqında danışdıqdan sonra onların rəşadətinin yüksək qiymətləndirildiyini və Azərbaycanın Milli Qəhrəmanı adına layıq görüldüyünü dedi. Oğlumuz Natiq Məmmədovun qəhrəmanlıq göstərdiyini və ölümündən sonra yüksək fəxri adla təltif olunduğunu Ulu Öndərimizin dilindən eşidərkən bir anlığa qürur hissindən özümü itirdim. Xeyli müddətdən sonra özümə gələrək bunu ilkin olaraq həyat yoldaşım Səfiyyə xanıma dedim. Oğlumun vətən yolunda qəhrəmancasına şəhid olması və xalqımızın Ümummilli Lideri tərəfindən onun bu rəşadətinin son dərəcə yüksək qiymətləndirilməsi qürur hissimizi xeyli artırdı. Xalqımız tərəfindən Natiqin əvəzsiz xidmətləri daim yüksək tutulur. O vaxtdan başlayaraq bu günə qədər evimiz qəhrəman yurduna çevrilib, ziyarət edənlərin və bizimlə görüşə gələnlərin ardı-arası kəsilmir.

Bir gün xəbər göndərdilər ki, Prezident Heydər Əliyevlə görüş üçün sizi Bakıya dəvət edirlər. Xeyli sevindik, axı ucqar bir rayonun kəndində yaşayan zəhmətkeş bir ailə başçısı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi.

Ulu Öndər Heydər Əliyevlə ilk görüşümüz Prezident sarayında 1996-cı ildə oldu. Azərbaycanın ərazi bütövlüyünün qorunması, dövlət çevrilişlərinin qarşısının alınması və qiyamçı dəstələrin zərərsizləşdirilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid milli qəhrəmanların valideynləri ilə həmin görüşü indiki kimi xoş və əbədi xatirə kimi daim xatırlayıram. Dövlət başçısı görüşdən əvvəl şəhid valideynləri ilə görüşmək üçün nəzərdə tutulan otağa daxil oldu. Növbə mənə çatanda mən də qürur hissi ilə Ümummili Liderimizin əlini bərk sıxanda üzünü mənə çevirib gülümsəyərək dedi ki: "Dağ adamına oxşayırsan". Onun bizimlə görüşü və qəhrəman övladlarımız haqqında dediyi xoş sözlər hər birimizin qəlbində əbədi olaraq qalır. Ulu Öndər Vətən üçün qeyrətli və igid oğullar böyütdüyümüzə görə hər birimizə dərin təşəkkürünü bildirdi. Görüşün təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkirəm, çünki Prezident Heydər Əliyevin fikirləri hər birimizin ürəyinə əbədi məlhəm oldu.

Ulu Öndərlə bu təkbətək görüşdən sonra 4 dəfə də geniş tərkibdə görüşmüş və son dərəcə səmimi, qayğıkeş və təvazökar lider və rəhbər olduğunun canlı şahidi olmuşam. Çünki şəhid ailələrinin böyük dayağı olan Ulu Öndərin bizlər üçün nələr etdiyinin canlı şahidiyəm. Bu səbəbdən də həqiqəti olduğu kimi demək istəyirəm. Şəhid ailələrinə, qazilərə və veteranlara heç bir ölkədə belə yüksək səviyyədə qayğı göstərilmir. Evlər verilir, bütün sosial problemlər həll edilir, şəhidlərin adları əbədiləşdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti müsbət bəhrəsini verir və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi sayəsində uğurla davam etdirilir. Bu hərtərəfli qayğı şəhid ailəsi olaraq bizi də qürurlandırır ki, vətən və xalq üçün belə igid oğul böyütmüşük. Şəhid ailələri ilə mütəmadi görüşür, fikir mübadiləsi aparır və hər birimiz dövlətin qayğısı barədə fəxrlə danışırıq.

Bu gün Ulu Öndərin bütün ideyalarını yaşadan Prezident İlham Əliyev şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir.

Heydər Əliyev Fondunun gördüyü işləri də vurğulamaq lazımdır. Fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi sayəsində fond tərəfindən şəhid ailələrinə hərtərəfli köməklik göstərilir. Biz şəhid ailəsi olaraq bu diqqəti daim minnətdarlıq hissi ilə vurğulayır və təşəkkürümüzü bildiririk. Hər biri qəhrəman olan igidlərimizin xidmətlərinin dövlət siyasətinə uyğun olaraq dəyərləndirilməsi dövlət başçısının və birinci xanımın xalqa yüksək xidmətinin məntiqi nəticəsidir.

Təqdirəlayiq haldır ki, şəhid ailələri ilə keçirilən mütəmadi görüşlər və qayğılarımızın həlli istiqamətində görülən işlər lider - xalq birliyinin yüksək göstəricisi olmaqla bizə mənəvi güc verir. Respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da dövlət siyasəti uğurla həyata keçirilir. Şəhid ailəsi olaraq iştirak etdiyim bütün görüşlərdə dövlətimizin qayğısını konkret faktlarla yüksək qiymətləndirirəm.

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi sülhsevər siyasəti, qazandığı iqtisadi uğurları və müasir hərb tarixinə bəxş etdiyi yeniliklərilə dünyada yetərincə tanınır. Xalqımızın hər bir vətəndaşı respublikamızın bu günü ilə fəxr etməli və gələcəyimizin daha böyük inkişafı naminə dövlət başçısının ətrafında sıx birlik nümayiş etdirməlidir.

Bəşir MƏMMƏDOV,

Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Məmmədovun atası,

Zaqatala rayonu.