Sinəsini Vətənə sipər edən qəhrəmanlar...
Region

Sinəsini Vətənə sipər edən qəhrəmanlar...

Vətən müharibəsində xalqın 30 illik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan şəhidlərimiz hər cür sevgi və məhəbbətə layiqdirlər. 1997-ci ildə Lənkəran rayon, Şilavar kəndində dünyaya göz açan Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin də nəsibi şəhidlik zirvəsi olub. Lənkəran camaatı adı dillərdə qəhrəmanlıq simvoluna dönən oğlu ilə qürur duyur, onu ehtiramla xatırlayır.

Hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinə Mirməhəmmədəli Rzazadə birinci qatılıb. İlk gündən yağıya qarşı döyüşlərdə böyük rəşadət göstərib. Oktyabrın 17-də Cəbrayılın azadlığı uğrunda son vuruşda da erməni dığalarına qan uddurub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medallarla təltif olunub.

Bu günlər Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Mirməhəmmədəli Rzazadənin ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar. Mərkəzin direktoru Reyhanə Sadıxova deyib ki, şəhidlik ən uca, müqəddəs bir zirvədir. Bu ucalığa sahib olanların ömür yolu qısa, amma şərəfli olur. Şəhidlər ölmürlər, onlar daim qəlblərdə yaşayırlar. Bu halal, saf ocaqda böyüyüb boya-başa çatan Mirməhəmmədəli də ömrünün 23-cü ilində özünü Vətənə fəda etməklə elə Vətən səmasının parlaq Günəşinə çevrilib. Belə bir qəhrəman tərbiyə edən valideynlərə yalnız alqışlar düşür.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə hamıya səmimi minnətdarlıqlarını bildiriblər.

Zəfər ORUCOĞLU.