SİZƏ MİNNƏTDARIQ, CƏNAB PREZİDENT!
Sosial həyat

SİZƏ MİNNƏTDARIQ, CƏNAB PREZİDENT!

Kərkicahan qəsəbə sakini, iki şəhid bacısı Kəmalə Həsənova dövlətimizin başçısına ürək sözlərini, sonsuz təşəkkürünü belə ifadə edir

Çox mühüm tarixi hadisələrlə zəngin, xoş, fərəhli günlər yaşayırıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qarabağa növbəti səfəri Xankəndi, Xocavənd, Ağdərə, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarı ərazisində müqəddəs üçrəngli Bayrağımızı ucaltması, bir sıra obyektlərin açılışlarında şəxsən iştirakı, ərazidə görülən işlərlə yaxından tanışlığı xalqımızda gözəl əhvali-ruhiyyə, sevinc, minnətdarlıq hissi yaradıb. Hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin tam bərpası, dövlətimizin nüfuzlu, qalib dövlət kimi dünyada tanınması ilə hədsiz sevinir, qürur hissi keçirir.

 Xankəndi şəhərinin Kərkicahan qəsəbə

sində dünyaya göz açmış, ixtisasca həkim olan Kəmalə Həsənova: "Biz inanırdıq ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə arzularımızı çin edəcəkdir", - deyə söhbətə başlayır:

- Uşaqlıq illərim Kərkicahanda keçib. Səkkizinci sinfə kimi orada oxumuşam. Valideynlərim doğma yurda qırılmaz tellərlə bağlı olub. Atam Əmirxan Şahmuradov Kərkicahanda sovxoz direktoru işləyib. Anam Faizə xanım orta məktəbdə sinif müəllimi olub. Qarabağlılara məxsus gözəl səsi, avazı vardı. Nəğmə dərslərində bizə Vətən, Qarabağ haqqında mahnılar öyrədir, balaca ürəklərə torpağa, ata-baba yurduna məhəbbət hissləri aşılayırdı. Elə bil başımıza nələrin gələcəyini görürdü. "Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar" kəlməsini təkrar-təkrar oxuyardı.

Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir. Xankəndi ilə aramızda 2 kilometrə yaxın məsafə vardır. Bu şəhər vaxtilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan tərəfindən Kərkicahanın yaxınlığında salınıb. Cavanşirlər nəslindən olan Pənahəli xan və Həsənbəylər nəslinin əsasını qoymuş Həsən bəy də əslən kərkicahanlıdır.

O vaxt Kərkicahanda 2 məktəb, uşaq bağçası, mədəniyyət evi, muzey, kitabxana, klub, stadion, idman məktəbi, ticarət obyektləri, su, qaz, işıq idarələri, 1000-dən çox abonenti olan ATS fəaliyyət göstərirdi. Qəsəbədə qədim küçələr var idi: Pir yolu, Aşağı və Yuxarı küçə, Kərki küçəsi. Evimiz erməni məhəlləsinə yaxın idi. Xankəndidə 5 min nəfərdən çox azərbaycanlı yaşayırdı.

Kərkicahan çox böyük strateji əhəmiyyətə malik idi. Qəsəbədən Xankəndi və Şuşa şəhərlərinə, Malıbəyli, Quşçular, Qeybalı, Ərminavan və Kosalar kəndlərinə gedən yollara nəzarət olunurdu.

1991-ci ilin noyabr-dekabr aylarında Kərkicahan uğrunda şiddətli döyüşlər gedirdi. Düşmən dəfələrlə əlverişli mövqe tutmağa cəhd etsə də itki verib geri çəkilirdi. 1991-ci il dekabrın 27-si səhər saatlarında Ter-Tadevosyanın başçılıq etdiyi 250 nəfərlik quldur dəstəsi Kərkicahanın erməni məhəlləsini ələ keçirərək hərbi texnika və ağır silahlarla irimiqyaslı hücum əməliyyatına başladı. Kifayət qədər hərbi dəstək olmadığı üçün qəsəbə bir gün sonra Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Qanlı döyüşlərdə 34 nəfər azərbaycanlı şəhid oldu, 150 nəfər isə yaralandı. Ermənilər evlərimizə od vurub yandırır, dinc əhalini zor gücünə doğma ocaqlarından çıxarırdılar. Erməni quldurlarının vəhşiliyi üzündən hətta şəxsi əşyalarımızı, sənədlərimizi götürə bilmədik. Kərkicahanın ətrafı meşəlik idi. Əliyalın, dinc sakinlər qarlı-şaxtalı qış gecəsində min bir əziyyətlə meşələrdən, sıldırım qayalardan keçərək Şuşaya pənah apardılar.

Şahmuradovlar ailəsi də müvəqqəti Şuşada məskunlaşmalı olub. Ailənin iki vətənpərvər oğlu Natiq və Namiq Şuşa uğrunda gedən döyüşlərdə fədakarlıq, şücaət, hünər göstərib. Natiq polis işçisi olub. 1992-ci il may ayının 8-də Şuşa həbsxanasının qapılarını açaraq azərbyacanlı məhkumları azadlığa buraxıb. Namərd düşmən qisas almaq üçün snayperlə onu nişan alıb, Natiq qəhrəmancasına şəhadətə qovuşub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Bir vaxtlar oxuduğu Kərkicahan qəsəbə 6 nömrəli tam orta məktəbi onun adını daşıyır. Qardaşı Namiq də 1992-ci il may ayının 8-də Şuşa həbsxanası ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ailənin daha bir üzvü Təranə xanımın həyat yoldaşı Tahir 1992-ci ilin noyabr ayının 8-də Ağdərədə döyüş zamanı həlak olub.

Valideynlərim Qarabağ həsrəti ilə dünyadan köçdülər, - deyə Kəmalə xanım söhbətini davam etdirir. Anam sevimli Prezidentimizin çıxışlarını həmişə diqqətlə dinləyib deyərdi ki, o, çox güclü, qüdrətli liderdir torpaqlarımızı mütləq alacaq. Belə də oldu. Üç il əvvəl 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Sentyabrın 19-da ordumuzun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Üçrəngli müqəddəs bayrağımız Xankəndidə və ətraf rayonlarda əzəmətlə dalğalanmağa başladı. Müdrik ölkə başçısının gərgin səyləri sayəsində xalqımızın Vətən, torpaq həsrətinə birdəfəlik son qoyuldu, arzular çin oldu. Kərkicahanlıların da həsrətlə gözlədiyi gün gəlib yetişdi. Ata-baba ocağından ayrılanda 16 yaşım var idi. Soydaşlarımız 32 il ərzində onlar üçün əlçatmaz olan Xankəndiyə, Kərkicahana, Xocalıya, Xocavəndə və digər yurd yerlərimizə böyük sevinclə, xoş ovqatla qayıdacaqlar. Bundan böyük xoşbəxtlik ola bilməz.

Ölkəmizin qazandığı bütün uğurların, qələbələrin əsasında Heydər Əliyev siyasəti durur. Dövlətimizin başçısı bu siyasəti yeni dövrün tələblərinə uyğun yüksək işgüzarlıqla davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirir və inamla işıqlı gələcəyə aparır. Bütün bunlara görə ölkə başçımıza minnətdarıq.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".