Sosial dövlət modelinin uğur ifadəsi
Sosial həyat

Sosial dövlət modelinin uğur ifadəsi

Azərbaycan güclü iqtisadi inkişafa əsaslanan sosial dövlət modelini prioritet seçib. Bu, dəfələrlə Prezident İlham Əliyev tərəfindən də vurğulanıb. Ölkəmizdə sabit və ardıcıl inkişafın əldə olunmasında əsas məqsəd ondan ibarətdir ki, sosial təbəqə bu siyasətin nəticəsində öz rifah halından məmnun qalsın, bütün sosial qayğılarına dövlətdən dəstək görsün. Azərbaycanın iqtisadi-siyasi uğurlarını şərtləndirən əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Müasir Azərbaycanın ən yeni tarixi güclü, qüdrətli və sosial əsaslara söykənən dövlət qurmaq istiqamətində müəyyənləşdirilmişdir. Ölkəmizdə formalaşan sosial dövlət modeli özündə milli ənənələri ehtiva edir, dünyanın müasir inkişaf meyillərini nəzərə alır.

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti, gələcək illərdə ölkənin tutacağı xətlə bağlı geniş anonslar verib. İqtisadi və sosial durumdan danışarkən cənab İlham Əliyev qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manat, minimum pensiya 280 manatdır. Orta pensiya 500 manatdan çoxdur. "Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var", - deyən dövlət başçısı növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını söyləyib.

Müasir Azərbaycanın sosial siyasətinin formalaşmasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən böyük uzaqgörənlik və dahiliklə müəyyən edilmişdir. Sosial siyasət insanların layiqli həyat şəraitinin təmin edilməsi, bu təminatın səviyyəsinin yüksəldilməsini nəzərdə tutan yaxın və uzunmüddətli proqramlar vasitəsilə reallaşdırılır. Sosialyönümlü siyasətin nəticəsidir ki, 2003-cü ildən bu vaxtadək əməkhaqları təxminən 8 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb. Məşğulluq imkanlarının artılması, eyni zamanda yeni iş yerlərinin yaradılması sahəsində ardıcıl və nəticəyönümlü fəaliyyətlə paralel olaraq, dövlət aztəminatlı ailələrə müxtəlif dəstək mexanizmlərini də işə salır. Bunlardan biri də uzun illərdir ki, tətbiq olunan ünvanlı sosial yardımdır.

Bu gün müstəqil Azərbaycan Respublikasında əhalinin sosial rifahı yaxşılaşmaqda, sosial infrastrukturun bütün tərkib hissələri daha mükəmməl formalaşmaqdadır.  Azərbaycanda bütün dünyaya örnək olan hakimiyyət-xalq birliyi azərbaycançılıq məfkurəsi ətrafında möhkəmlənməkdə davam edir. Ölkə əhalisinin sosial-məişət problemləri dövlətin sosial siyasətinin əsaslarının optimal qurulması fonunda öz operativ həllini tapır. Azərbaycan dövlətinin sosial siyasətinin mütərəqqi prinsiplər əsasında təşkil edilməsi və əhalinin sosial qruplarının məmnunluğu özünü bütün situasiyalarda büruzə verir. Belə ki, bu gün uşaqdan-böyüyə hər kəs öz vətəndaşlıq vəzifəsini bilavasitə mənsub olduğu dövlətə, onun təhlükəsizliyinə, suverenliyinə, Vətən sərhədlərinin toxunulmazlığına, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və  cənab Prezidentimizin uğurla davam etdirdiyi siyasi xəttə kökləmişdir. 44 günlük Vətən müharibəsinin gedişi və parlaq qələbəmiz dediklərimizin əyani sübutudur. Bu qələbə məhz hakimiyyət-xalq birliyinin, vətəndaşların dövlətinə, millətinə, Vətəninə, sərhədlərin bütövlüyü prinsipinə sədaqətin nəticəsi idi. Tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri içərisində ilk növbədə sosial infrastruktur layihələri yer alır. Bu layihələrin icrası Azərbaycan dövlətinin siyasi xəttində sosial siyasətin prioritetliyini, böyük ümummilli sosial proqramların icrasının başlıca yer tutduğunu təsdiq edən əsas faktorlar kimi qiymətləndirilməlidir.

Hər il dövlət büdcəsi tərtib edilərkən onun sosialyönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır. Cənab Prezidentin rəhbərliyilə keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir. Eyni zamanda yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda 5 faiz təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə genişlənib. Son 3 ildə bu qəbildən olan şəxslərə 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə cənab Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib. O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub.

İqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Azərbaycanda reallaşan sosial siyasətin üstün cəhətlərindən biri də onun çoxşaxəliliyi, icra olunan sosial proqramlarla müəyyənləşməsidir. Burada əhalinin həssas kateqoriyalı təbəqələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası prioritet məsələlərdəndir. Dövlət başçısının xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosialyönümlü islahatlar aparılıb, sosial müdafiə və aktiv məşğulluq proqramları xeyli genişləndirilib, müasir və etibarlı, dayanıqlı sosial təminat sistemi qurulub.

Mustafa KAMAL,

"Respublika".